Qədim tarixə malik olan Qarqarçay mənbəyini Şuşa yaxınlığından götürür. Erməni qəsbkarları tərəfindən torpaqlarımızın işğalı nəticəsində Qarqar çayının suları da həbs olunmuşdu. Sanki sular qanlı göz yaşlarına dönmüşdü.
Şanlı Milli Ordumuzun gücü, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad olunub. 30 illik həsrətə son qoyulub. Azad olunmuş torpaqlarımız, dağlarımız, daşlarımız xoşbəxt günlərini yaşamağa başlayıb. Dili lal olmuş Qarqarın suları da susuzluqdan cadar-cadar olmuş Aran Qarabağın torpaqlarına qovuşur. Kədər yaşlarını xatırladan Qarqarın suları sevinc göz yaşlarına çevrilib. Qarabağ torpaqları onun sularını sinəsinə çəkərək rahatlaşıb.
Atalar yaxşı deyib, su gələn arxa bir də gələr. Çox xoşbəxtik ki, bu müdrik kəlamların gerçəkliklərini görmək bizə nəsib oldu. İndi Qarqar çayı aşıb-daşır, hər kəslə salamlaşır, öz xeyir-duasını verir. Salam, yurdumun gözəl çayı, yeni halınla xoş gördük səni!
Adil MİSİRLİ