Son illər dost və qardaş ölkə Ukraynada Azərbaycanı layiqincə təmsil edən gənclər yetişməkdədir. Onlardan biri də 24 yaşlı Əkbərdir.
Hüseynzadə Əkbər Ələsgər oğlu 1 sentyabr 1997-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kənində anadan olmuşdur. Zəhmətkeş ailədə doğulan Əkbərə babası Hacı Əkbər Rəsul oğlunun adını qoyublar (Əkbər kişi Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakarlığına görə müharibə veteranı kimi fərqlənmiş, orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Salmanbəyli kəndində kənd təsərrüfatı qabaqcılı kimi seçilmiş,keçmiş SSRİ-nin müttəfiq respublikalarına ezam edilmişdir. Əkbər kişinin atası Rəsul kişi 1937-1938-ci illərin qanlı repressiyasının qurbanı olmuşdur).
Əkbər kiçik yaşlarında ikən atası Ələsgər şəxsi biznesi ilə əlaqədar Ukraynaya köçdüyündən o, orta təhsilini Poltava vilayətinin Kremençuk şəhərində almışdır. Sonra Əkbər Oleq Qonçar adına Dnepr Milli Universitetinin hüquq fakültəsini uğurla başa vurmuşdur. Tələbəlik illərindən idmanla məşğul olan Əkbər yarışlarda iştirak etməklə yanaşı, burada diaspor fəalı kimi də tanınmışdır. Qeyd edək ki, 2005-ci ildə Moldovanın paytaxtı Kişinyov şəhərində Nizami Gəncəvinin heykəlinin açılışında balaca Əkbər də iştirak etmiş, ölkə başçısı İlham Əliyev və Moldova Prezidenti Vladimir Voroninlə birlikdə xatirə şəkil də çəkdirmişdir.
Hazırda ağır atletika ilə məşğul olan Əkbər Poltava vilayəti üzrə vitse-çempion tituluna da yiyələnmişdir. Eyni zamanda, Əkbər ictimai işlərini də uğurla davam etdirir. O, Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin (sədr İlqar Əliyev) Ukrayna üzrə Gənclər komitəsinin sədri vəzifəsini icra edir. Həmyerlimiz 10 may 2021-ci ildə Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkil etdiyi Heydər Əliyevə həsr olunmuş tədbirdə çıxış etmişdir.
Hazırda Əkbər Hüseyn- zadənin əsas məqsədi Ukraynada Azərbaycanı layiqincə təmsil etmək, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin güclənməsinə töhfə verməkdir.
Adil MİSİRLİ
2005-ci il.Moldoviya. Kişinyov. N.Gəncəvinin heykəlinin açılışı (soldan Əkbər Hüseynzadə)
10 may 2021-ci il. Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü. Azərbaycanın Ukraynadakı səfirliyi. Kiyev şəhəri.
Bodibildinq üzrə Ukraynanın Poltava vilayəti vitse -çempionu Əkbər Hüseynzadə.