Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibəti ilə 2021-ci il 7 may tarixdə YAP Ağcabədi rayon təşkilatında video-konfrans keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin məsul işçiləri, məktəb, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının I müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov video-konfransı giriş sözü ilə açaraq, ulu öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Natiq qeyd edib ki, ümummilli lider Heydər Əliyev öz möhtəşəm fəaliyyəti, iradəsi və qətiyyəti ilə xalqımızın həyatında önəmli rol oynayıb. O, ən çətin tarixi anlarda xalqın yanında olub, dövlətimizi dağılmaq təhlükəsindən xilas edib. Bu dahi şəxsiyyət dövlətimizə və xalqımıza misilsiz xidmətlər göstərib. Ölməz rəhbərin ideyaları bu gün də onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımızla bağlı arzuları bu gün artıq gerçəkliyə çevrilib.
Video-konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi rayon bölməsinin rəhbəri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək, ulu öndərin dövlətimizin və xalqımızın qarşısında gördüyü tarixi xidmətlərindən söz açıb, dahi rəhbər haqqında öz fikir və xatirələrini bölüşmüşlər.
Hüseyn QULUZADƏ