Adil Əsgər 1938-ci ildə Ağcabədi rayonunun Kəbirli mahalında anadan olmuşdur. İlk öncə Füzuli rayonundakı Pedaqoji Texnikumu bitirmiş, daha sonra N. Tusi adına Pedaqoji Universitetin filologiya fakültəsində təhsil almışdır.
Pedaqoji fəaliyyətə 1957-ci ildən başlamış 1987-ci ilə qədər müəllim və orta məktəb direktoru kimi çalışmışdır. 1987-1988-ci illərdə Ağcabədi rayon tarix diyarşünaslıq muzeyinin direktoru vəzifəsində işləmişdir.
Yaradıcılığa gənc yaşlarından başlamışdır. Rayon “Ülfət” ədəbi-bədii məclisinin yaradıcısı və aparıcısı olmuşdur. 1998-ci ildə vəfat etmişdir.
Əsərləri:
- “Uçun, nəğmələrim”, B., “Araz”, 2002. 167 s. 500 nüs.
NİYƏ
Gözəllik əsiri olan eşqimi
Mən sənə pay verdim, almadın, niyə?
Səninlə dil açan ilham sazımı,
İstədim çalasan, çalmadın, niyə?
Viranə eylədin könül mülkümü,
Yüz dəfə artırdın sevda yükümü,
Bir zərif, bir qərib bənövşə kimi,
Sən mənə hədiyyə olmadın, niyə?
Arxanca boylandım ayı, ili mən,
Aradım, axtardım düzü, çölü mən,
Vurdum bir-birinə bütün eli mən,
Bircə yol qeydimə qalmadın, niyə?
Saçında gəzməyə əlim tələsir,
Vəslinə yetməyə ürəyim əsir,
Həsrətin, hicranın səbrimi kəsir,
Yolunu qapımdan salmadın, niyə?
Ömrünə gün doğub, ay Adil Əsgər,
Açılıb dişini qıran düyünlər…
Qoy olsun başına yüz yol bəxtəvər,
Bəs şirin xəyala dalmadın, niyə?