Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 may 2021-ci il tarixdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq edərək perspektivləri” adlı onlayn tədbirdə iştirak edərək nitq söyləyib. Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir.
Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.
30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır.Dövlət başçısının dediyi kimi, enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən – maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi.
Şübhəsiz Çinin “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan tərəfindən fəal dəstəklənir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar var.
Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəndə bütün əsas beynəlxalq maliyyə institutları bizim tərəfdaşlarımız idi. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı. Bütün aparıcı beynəlxalq maliyyə institutları layihədə iştirak edirdi.
Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır.
– Qarabağ Rusiya ilə ABŞ arasında olan nadir əməkdaşlıq mövzularından biridir. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır.
İsrail-Azərbaycan münasibətlərinə toxunan ölkə Prezidenti bildirib ki, biz fəal ticarət tərəfdaşlarıyıq və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.
Azərbaycan-ABŞ münasibətlərinin də böyük potensialı və perspektivi var.Əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Əməkdaşlıq sahələrimizə müasir texnologiyalar və ticarət daxildir. Biz, eyni zamanda, ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Azərbaycan ilə ABŞ arasındakı əlaqələrdə aparıcı rol ABŞ-a məxsusdur və hər şey qarşı tərəfin gündəliyindən asılı olacaq.
Ölkə rəhbəri deyib ki, Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əsas ixracımız Avropa İttifaqının üzv ölkələri ilə bağlıdır və üzv dövlətlərin üçdən bir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamışdır və ya qəbul etmişdir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, biz həqiqətən yaxşı və strateji tərəfdaşıq.
Prezident İlham Əliyev çıxışında göstərib ki, Azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə reallaşır. Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşası prosesi başlanıb. Azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək.
Cənab Prezident öz çıxışında deyib ki, Ermənistanın acınacaqlı vəziyyəti öz işğalçı siyasətinin nəticəsidir. Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanı tənəzzülə aparıb. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanın müstəqilliyi qazandığı zaman ilə müqayisədə vəziyyəti daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb. Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri və daha çox imkanları olardı.
Əslində, Vətən müharibəsində əldə olunmuş Qələbə Ermənistanın işğalçı siyasətinə son qoyub.
Prezident əlavə edib ki, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq öz aktuallığını itirib. Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub.
Dövlət başçısının sözlərinə görə işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb.
Ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır.
İşğaldan azad olunmuş ərazilərin vəziyyəti erməni vandalizmin sübutudur. İşğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıblar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar – işğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb.
Prezident əlavə olaraq bildirib ki, Gələcək naminə yeni sözügedən regionda əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır.
Regionun xalqları birgə yaşamağı öyrənməlidir. Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır.
Təbii ki, Azərbaycan əməkdaşlığa hazırdır. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük.
Ermənistanın tərəfində diaspor idi, bizim tərəfimizdə isə beynəlxalq hüquq və ədalət var idi. Reallıq və davranış arasında fərq işimizi müdafiə etmək və mesajımızı çatdırmaq üçün üzləşdiyimiz və hələ də İkinci Qarabağ müharibəsindən sonra qarşılaşdığımız ən böyük çağırışlardan biridir. Ermənistan həmişə hesab edir ki, onların diasporu var və bu diaspor onlara kömək edir. Lakin İkinci Qarabağ müharibəsinin nəticəsinə baxsaq, görərik ki, onların alçaldıcı məğlubiyyətinə səbəb olan əsas amillərindən biri də onların diasporu idi.
Azərbaycan Prezidenti onu da əlavə edib ki, bu gün Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında ABŞ böyük rol oynaya bilər. ABŞ ilk növbədə, dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Onun dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər.
Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb etdiyini vurğulayan cənab Prezident qeyd edib ki, dəhliz açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.
Dövlət başçısı qlobal ekoloji vəziyyətin qorunmasında Azərbaycanın rolundan danışıb gələcək barədə düşünən hökumət kimi biz bərpaolunan enerji üçün investorlar cəlb etməyə başlamışıq. İşğaldan azad edilmiş ərazilərdə – Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmaq planlaşdırılır. İranla Azərbaycan sərhədindəki iri su anbarında böyük potensial var. Su anbarı işğal dövründə artıq İran tərəfindən tikilib. İndi biz birlikdə 240 meqavat gücündə su elektrik stansiyası tikmək barədə düşünürük. Ötən il müharibədən əvvəl biz 2 elektrik stansiyası – ümumi gücü 440-480 meqavat olan 1 günəş və 1 külək enerji stansiyası tikmək üçün bərpa olunan enerji üzrə dünyanın iki aparıcı şirkəti – Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2 investisiya razılaşması imzaladıq. İnvestisiyalar 100 faiz şirkətlər tərəfindən qoyulacaq və indi biz artıq Qarabağ üçün baş planın, “yaşıl enerji” zonasının icrası mərhələsindəyik. Bizim Rusiya, İran, Gürcüstan, Türkiyə ilə xətlərimiz var, biz hər tərəfə enerji ixrac edirik. Elektrik enerjisi ixracı artıq on milyonlarla dollar gəlir gətirir, lakin yüz milyonlarla gəlir gətirəcək.