Qarabağın arxeoloji irsinin tədqiqində yeni mərhələ

Azərbaycanın digər əraziləri kimi, Qarabağ bölgəsi də müxtəlif dövrlərə aid maddi mədəniyyət abidələri ilə zəngindir. Ötən əsrin 60-80-ci illərində burada intensiv tədqiqatlar aparılıb. Quruçay, Kür-Araz, Xocalı-Gədəbəy kimi bir neçə arxeoloji mədəniyyətin izlərini yaşadan xeyli abidə öyrənilib. Təəssüf ki, ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən bu qədim diyarımızın xeyli hissəsinin zəbt edilməsi nəticəsində buradakı abidələrimiz də işğal altına düşüb, uzun müddət bu abidələrdə araşdırma aparmaq mümkün olmayıb. Qəsbkarlar Qarabağda Azərbaycan xalqına mənsub maddi irsi məhv etməklə yanaşı, beynəlxalq qanunlara zidd olaraq Azıx, Şahbulaq və başqa abidələrimizdə qeyri-qanuni qazıntı işləri də aparıblar. Xüsusilə Xocavənd rayonunun Azıx mağarasını qeyd etmək istərdim. İşğal dövründə ermənilər bu mağarada qazıntı işləri aparırdılar. Hələ bu yaxında bizim instituta məlumat gəldi ki, Azıxın materialları burada evlərin birində qutularda saxlanılır. Biz əməkdaşımız Azad Zeynalovu ora təcili ezam etdik və bu materialları institutumuza gətirərək bizim Arxeoloji fondda yerləşdirdik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın “Qarabağın arxeoloji irsinin tədqiqində yeni mərhələ” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2008-ci il 5 fevral tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 26 aprel tarixli sərəncamları maddi mədəniyyətimizin, o cümlədən Qarabağın arxeoloji abidələrinin öyrənilməsinə böyük təkan verib. 2010-cu ildə fəaliyyətə başlayan Qarabağ Neolit-Eneolit ekspedisiyası bölgənin arxeoloji abidələrinin “Məlumat bazası”nı yaradıb, 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant çərçivəsində “Qarabağın arxeoloji abidələri xəritəsi”ni tərtib edib. Ağdam rayonu ərazisindəki Əhədtəpə, Şomulutəpə, İsmayılbəytəpə və başqa Neolit dövrü yaşayış yerləri, o cümlədən Leylatəpə mədəniyyətinə aid Fərmantəpə yaşayış məskəni tədqiqata cəlb olunub. “Qarabağ arxeoloji ekspedisiyası” 2009-cu ildən Ağdam rayonunun işğal dövründə cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığında Xocalı-Gədəbəy mədəniyyətinə aid Palıdlı nekropolunda arxeoloji qazıntılar aparıb.

Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə adlı Antik və Orta əsr alban şəhər yerindəki araşdırmaları son illərin uğurlarındandır. Xocavənd rayonu ərazisində yerləşən çoxtəbəqəli Nərgiztəpə yaşayış yerində 2013-2017-ci illərdə aparılmış tədqiqatlar Qarabağın arxeoloji irsinin tədqiqində mühüm addım olub. Bu istiqamətdə Bərdə arxeoloji ekspedisiyasının Şortəpə və Balatəpə adlı abidələrdə apardığı qazıntılar da əhəmiyyətli rol oynayıb.

Azərbaycan arxeoloqları Qarabağ abidələrinin tədqiqi ilə bağlı bir sıra müştərək layihələr həyata keçirib. Bu baxımdan, Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının 2009-2015-ci illərdə Aşağı Qarabağda – Ağcabədi rayonu ərazisindəki Kamiltəpə Neolit dövrü yaşayış məskənində apardığı arxeoloji tədqiqatlar xüsusi yer tutur. 2011-2012-ci illərdə Arxeologiya və Etnoqrafiya İnstitutu Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) “Azərbərpa” Elmi-Tədqiqat İnstitutu ilə birgə Füzuli rayonu ərazisində yerləşən Şeyx Babı xanəgahında arxeoloji qazıntı, bərpa-konservasiya işləri həyata keçirib. Bir qrup əməkdaşımız tərəfindən hazırlanan “Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” müsabiqəsinin qalibi olub və 2014-2015-ci illərdə uğurla yerinə yetirilib.

İnstitutun “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlığı çərçivəsində hazırladığı layihələrdən biri də “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” olub. Bu layihə çərçivəsində Qarabağın 200-dən çox arxeoloji, tarixi və memarlıq abidəsinin pasportu hazırlanıb, GPS koordinatları müəyyən edilib, hər bir abidə haqqında tarixi arayış yazılıb.

Qarabağın abidələrinin arxeoloji tədqiqi bir sıra yeni əsərlərin yaranmasına, dissertasiya mövzularının işlənib hazırlanmasına imkan verib.

Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağda aparılan tədqiqatlarla bağlı nəticələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün kompleks tədbirlər həyata keçirib, vaxtaşırı ölkəmizdə nüfuzlu əcnəbi tədqiqatçıların iştirakı ilə beynəlxalq konfranslar təşkil edib. 2010-cu ildə Azıx mağarasının kəşf edilməsinin 50 illiyinə həsr olunmuş “Qarabağ daş dövründə”, 2011-ci ildə “Qafqazın erkən əkinçilik mədəniyyətləri”, 2016-cı ilin sonunda “Qarabağın arxeoloji irsi” mövzusunda keçirilmiş konfransları, 2018-ci ildə görkəmli Azərbaycan alimi M.Hüseynov tərəfindən Azıx mağarasından azıxantropun alt çənə sümüyünün tapılmasının 50 illiyinə həsr olunmuş beynəlxalq simpoziumu buna misal göstərmək olar.

Vətən müharibəsində Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib gəlib. Şəhid və qazilərin qanı hesabına Qarabağ torpaqları, onun incisi sayılan Şuşa şəhəri düşməndən azad edilib. Azıx mağarası, Qaraköpəktəpə yaşayış yeri, Xudafərin körpüləri kimi yüzlərlə abidəmiz də düşmən tapdağından azad olunub. Artıq əməkdaşlarımız Qarabağdakı tarix və memarlıq abidələrinin vəziyyəti ilə tanış olmaq üçün əraziyə qısamüddətli səfərlər ediblər. Minatəmizləmə əməliyyatları başa çatdırıldıqdan sonra bölgəyə yeni arxeoloji ekspedisiyaların göndərilməsi, genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır. Qarabağın zəngin arxeoloji irsinin tədqiqində yeni mərhələ başlayır. Alimlərimizin bu istiqamətdə uğur qazanacaqlarına əminik.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər