27 may 2021-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublika gününə həsr olunan onlayn elmi-praktik konfrans keçirilmişdir.Konfransda millət vəkili Tahir Rzayev , rayonun idarə, müəssisə və təşkilatları – Ağcabədi Rayon İcra Hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı,Heydər Əliyev Mərkəzi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Bayraq muzeyi, Tarix-diyarşünaslıq muzeyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı, Ağcabədi Pedaqoji Kolleci, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, şagird və tələbələr iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov konfrans iştirakçılarını “28 May- Respublika Günü” münasibəti ilə təbrik etdi və bu günün əhəmiyyəti haqqında ətraflı məlumat verərək qeyd edilən tarixin Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olduğunu söylədi. Natiq qeyd etdi ki, həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, xalqımız müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
R.Hüseynov həmçinin Azərbaycan xalqının yenidən öz müstəqilliyini bərpa etməsindən sonra bir daha onu itirmək təhlükəsi ilə üz-üzə qalmasından danışdı və məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin qorunub saxlanmasını, dövlətimizin inkişaf yoluna qədəm qoyduğunu qeyd etdi. Bu gün həmin siyasətin uğurla uğurla davam etdirildiyini və Azərbaycan xalqının öz rəhbəri ətrafında sıx yumruq kimi birləşdiyini vurğuladı.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli məruzə ilə çıxış edərək Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərdən, görülən işlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsindən söz açdı.
Daha sonra Milli Məclisin deputatı Tahir Rzayev , I qrup Qarabağ müharibəsi əlili Ramil Nağıyev, Ağcabədi Pedaqoji Kollecinin müəllimi, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva məruzə ətrafında çıxış etdilər.