Ağcabədinin ilk təhsil ocağı

         Qədim tarixə malik Ağcabədidə Sovet hakimiyyəti qurulan dövrdə ərazidəki bir sıra tikililər müsadirə olunaraq dövlət idarələrinə çevrildi. Belə binalardan biri də Ağcabədinin Xəlfərəddin kəndi ərazisində yerləşən birmərtəbəli və 7 otaqdan ibarət otel kimi fəaliyyət göstərən bir tikili idi. Öz mənbəyini Qarqar çayından götürən və təbii yolla axan Qobu Ağcabədini iki hissəyə bölüb. Sol sahil Ağcabədi, sağ sahil Xəlfərəddin kəndi adlandırılıb. 1949-cu ilə kimi doğulanların doğum haqqında şəhadətnamələrində belə yazılıb. Həmin birmərtəbəli bişmiş kərpicdən olan sözügedən binada yerləşən məktəb Xəlfərəddin kəndində olduğuna görə, Xəlfərəddin kənd məktəbi adlandırılırdı. Nədənsə, bəzi yazılarda arxiv sənədlərində Ağcabədinin əvvəlki tarixi ilə bağlı yazılara rast gəlinmir, çox səthi məlumatlar verilir. Bütün bu bildiklərimizi dövründə yaşlı nəslin söhbətləri əsasında əldə etmişəm. Bu bina 1883-cü ildə Xəlfərəddin kəndində məktəb kimi fəaliyyətə başlayıb. Əsasən, burada dini təhsil verilib. Həmin dövrlərdə burada təhsil alanlardan Molla İslam, Molla SəttarƏbdül qardaşları, Əhmədov Murtuzəli, Molla Hüseynqulu, Mələk oğlu Səməd, Dəllək Abbas, və başqalarını misal göstərmək olar.

Zaman keçdikcə təhsil ocağı yenilənib və orta təhsil mərkəzinə çevrildi. Hətta rus dvoryanlarının Azərbaycana köçürülməsi nəticəsində Xəlfərəddin kənd orta məktəbi beynəlmiləl orta məktəbə çevrildi. Bu 1961-ci ilə qədər davam etdi. 1961-ci ildə Ağcabədi şəhər 1 saylı məktəb istifadəyə verildikdən sonra bu bazanın əsas hissəsi həmin məkəbə köçürüldü. Həmin dövrə qədər M. F. Axundov adına 3 saylı məktəb kimi fəaliyyət göstərən bu məktəb bir neçə görkəmli şəxsiyyətlər yetişdirmişdir. Kimya elmləri doktoru, professor Əyyub Əzizov, filologiya elmləri doktoru, akademik Şamil Cəmşid, filologiya elmləri namizədi Rasim Tağıyev, yazıçı-publisist İsi Məlikzadə, texnika üzrə elmlər doktoru Cahid Quliyev, xalq artistləri, dünya şöhrətli muğam ifaçıları Yaqub Məmmədov, Ağakişi Kazımov, tanınmış ziyalı Xəlil Xəlilov,Vahid Ağayev və başqaları bu məktəbdə təhsil almışlar.

1983-cü ildə keçmiş məzunların iştirakı ilə M. F. Axundov adına 3 saylı məktəbin respublika səviyyəsində 100 illik yubileyi keçirildi. Bütün bu illər ərzində 3 saylı məktəbi bir neçə şagird “Qızıl medal”la bitirmişdir. Təhsil ocağı keyfiyyətli bilik verməsi nəticəsində rayonda əks-səda doğurur və bazası genişlənir. Buna görə də əlavə olaraq 2005-ci ildə 10 sinif otağından ibarət olmaqla, Heydər Əliyev Fondunun vəsaiti hesabına birmərtəbəli tam təmirli bina tikilib, təhvil verildi. 2006-cı ildə tədris müəssisəsinə “Pilot məktəb”, 2007-ci ildə isə “Texniki və Humanitar lisey-məktəb” adı verildi. 2009-cu ildə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı lisey-məktəb respublika üzrə “İlin məktəbi” müsabiqəsində qalib gələrək 10 000 manat pul ilə mükafatlandırıldı. Məktəbdə artan şagird kontingentini nəzərə alaraq 2012-ci ildə müasir tipli 4 mərtəbəli 46 sinif otağı, 10 laborotoriya və əlavə otaqlardan ibarət məktəb istifadəyə verildi. Bütün illər ərzində rayon üzrə ilk Prezident təqaüdçüsü 686 bal ilə M.F.Axundov adına məktəb-liseyin şagirdi Məmmədli Şirin Cümşüd oğlu olmuşdur.

2016-2017-ci tədris ilində daha yüksək nəticə göstərən məktəbin şagirdi Arzu Məmmədli rayon üzrə 700 bal toplamışdı. Hal-hazırda məktəbdə 3 hazırlıq qrupu olmaqla, 56 sinif komplekti fəaliyyət göstərir və məktəb üzrə 1249 nəfər şagirdin təlim-tərbiyəsi ilə 95 müəllim məşğul olur.

Camal Abbasov,

Zəhra İbrahimova

Azərbaycan Respublikasının

 Əməkdar Müəllimləri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər