Avşar kəndində xatirə bulaq kompleksinin açılış mərasimi keçirildi

         18 may 2021-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi polkovnik Ramil İsmayılov, ziyalılar, müəllimlər, kənd sakinləri, şəhidlərin yaxınları və mətbuat işçiləri iştirak ediblər.

Xatirə bulaq kompleksinin üzərində Vətən müharibəsi qəhrəmanı şəhid Azad Tapdıqovla yanaşı, Avşar kəndindən olan Birinci Qarabağ müharibəsinin şəhidləri, Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayev, Habil Qasımov, Fehruz Hüseynov, Cəbrayıl Vəliyev, Hafiz Mamedov, Xəqani Quliyev və Əhliman Ağayevin mərmər üzərində həkk olunmuş şəkilləri əksini tapıb. Sözügedən bulaq kompleksinə içməli su xətti çəkilmiş, ətrafı abadlaşdırılmış, gül-çiçək və həmişəyaşıl ağaclar əkilmişdir.

Açılış mərasimində Nizami Gəncəvi adına 1 saylı Avşar kənd tam orta məktəbinin şagirdləri vətən, torpaq və şəhidlərə həsr olunmuş şeirlər səsləndirmişlər. Tədbirdə kənd ağsaqqalı Elqayıt Kərimov, şair Zahid Eloğu, Eyvaz Həsən- alıyev, kənd müəllimləri Güleyşə Quliyeva, Bəstəgül Cəfərova, Yasin Cəfərov, kənd icra nümayəndəsini əvəz edən Nizami Cəfərov, bələdiyyə sədri Bulud Quliyev və şəhid Azad Tapdıqovun döyüş yoldaşı Kamran Sadıqov çıxış edərək, şəhidlərin keçdikləri qəhrəmanlıq yolundan danışmış və xatirələrini bölüşmüşlər.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər