Namiq Süleymanov: Müəllim çox savadlıdır, amma fənni sevdirə bilmir…

Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində  həmişə güclü fizika-riyaziyyat müəllimləri çalışıblar. Bu məktəbin yarandığı ilk günlərdən kənd məktəbində bu qədim elmi ürəkdən tədris etmiş mərhum Ərşad Qasımov,ondan sonra Fazil Quliyev və Əli Bədəlov həmkəndlilərinə riyaziyyat elmini tədris etmiş, şagirdlərə riyaziyyatın incəliklərinə qədər bələd olmaqda böyük əmək sərf etmişlər. Hazırda məktəbdə riyaziyyat və fizikanı təcrübəli, bilikli, müəllimlər olan Adil Süleymanov və Tanrıverdi İsmayılov tədris edirlər.  Təsadüfi deyil ki, məktəbin yetişdirmələrinin sorağı respublikamızın, eləcə də xarici ölkələrin qabaqcıl ali tədris müəssisələrindən gəlir.

Namiq İbrahim oğlu Süleymanov 11 noyabr 1992-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. Artıq xeyli vaxtdır ki, Bakıda qabaqcıl və bilikli fizika, riyaziyyat müəllimi kimi nüfuz qazanıb. Namiq müəllim söyləyir ki, fizikanı başqalarına sevdirməyi tələbəlik illərindən başlayıb. Universitetin III kursundan Namiq bu fənni özü müstəqil tədris etməyə başlayıb. Özü deyir ki, tələbə olduğu illərdə fizika və riyaziyyat fənlərinə onda sonsuz maraq yaranıb. Öz üzərində dayanmadan çalışan gənc müəllim 7 ildir ki, bu sahədədir. Bir qayda olaraq riyaziyyatı fizikadan ayırmır, hər iki fənni paralel olaraq tədris edir. Özü olimpiada qalibi olan Namiq müəllimin fizika və riyaziyyata olan hədsiz marağı onu bu sahənin aparıcı mütəxəssislərindən birinə çevirib. o  deyir ki, fizika və riyaziyyata olan güclü sevgim olimpiadalarda uğur qazanmağıma səbəb oldu. Fikirimcə bu iki fənni bir-birinə ayrılmaz tellər bağlayır. Fizika elə bir fəndir ki, mövzunu şagirdə izah edəndə fizikanın görünməyən ecazkar mühitinə düşürsən. Məncə, müəllim fizikanı elə tədris etməlidir ki, şagird o fənni ürəkdən hiss etsin, sevsin. Müəllim fizikanın gücünü şagirdinə öyrətməli və aşılamalıdır. Məhşur fizik Volter Levin “Fizikanı şagirdə sevdirməyən müəllim cinayətkardır”,- deyir. Mən də belə düşünürəm. Fizikanı sevirəm və həmişə şagirdlərimə sevdirməyə çalışıram.

N. Süleymanov bir şagirdin yetişməsində valideyni məktəbdən, müəllimlərdən ayrı təsəvvür etmir: “Həyatımızda valideynlərin rolu danılmazdır. Düşünürəm ki, hər bir valideyn övladının təhsili ilə vaxt itirmədən, kiçik yaşlarından maraqlanmalı və ona dəstək olmalıdır”.

Namiq müəllim yaşına görə artıq bir çox uğurlara imza atıb. Olimpiadalarda qalib olub. Ancaq həyatda təvazökar insan olan Namiq müəllimi bu uğurlar qane etmir. Və, o gələcək nəsillərə böyük fayda verə bilən layihələrə imza atmaq istəyir.

Təhsil İnstitutunun təşkilatçılığı və respublika təhsil nazirliyinin dəstəyi ilə keçirilən 1500-dən çox müəllimin iştirak etdiyi “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlandıqdan sonra müsabiqədə uğur qazanmış müəllimlərdən biri-25 sualdan 24-nə doğru cavab verən Namiq İbrahim oğlu Süleymanovu oxucularımıza təqdim etməyi özümüzə mənəvi borc sandıq. Namiq müəllimlə görüşüb xeyli söhbət etdik:

-İstedadlı şagird üçün istedadlı müəllim müsabiqəsinə necə qatıldınız?

-Bu layihənin varlığından gec xəbərim oldu. Tanıdığım bir kimya müəllimi mənə belə bir layihə olacağını söylədi və qatılmağımı məsləhət gördü. Mən də özümü sınamaq qərarına gəldim. Eyni zamanda ölkəmizdə belə bir layihəyə ehtiyac olması, olimpiada sahəsinin ən güclülərini bir araya gətirməkdə gələcək nəsillər üçün görüləcək böyük işlər məni həvəsləndirdi. Olimpiadanın nəticələri açıqlandıqdan sonra istər sosial şəbəkələrdə, istər real həyatda tanımadığım yüzlərlə insan məni təbrik etdi. Bu çox qürurverici idi… Təqdim olunan 25 sualın 25-nə də cavab yazdım, sadəcə, bir sualda mexaniki səhv etdiyimdən 24 düz cavabım oldu.

-Olimpiada suallarını yazmaq üçün xüsusi istedad tələb olunurmu? Olimpiada sektoru tam ayrı və fərqli bir sahədir. Təbii ki, bu sahədə uğur əldə etmək üçün az da olsa xüsusi istedad olmalıdır. Olimpiada sahəsində yüksək irəliləyiş əldə etmək üçün məktəb dövründən təkcə fizika yox, həm də riyaziyyat fənnini yaxşı mənimsəmək lazımdır. Amma bununla da iş bitmir. Hər şeyin başında gərgin əmək və zəhmət dayanır. Daima araşdırmaq, dünya olimpiadalarını müntəzəm izləmək lazımdır. Müxtəlif xarici mənbələrdən istifadə edərək, fiziki düşüncə sahəsi genişləndirilməlidir. Həmişə yenilik axtarmaq lazımdır. Yadımdadır, məktəbdə oxuduğum dövrlərdə elə vaxt olub ki, bir məsələnin üstündə günlərlə düşünüb, həllini sonra tapa bilmişəm. Əsas da məncə budur. Çalışmaq və düşünmək. İndinin özündə də bəzi çətin məsələlər üzərində işləyərkən, həllini tapan zaman uşaq kimi sevinirəm. Əminəm ki, bu xarakterik cizgi məndə heç zaman dəyişməyəcək.

-Olimpiadada müəllimlərin az bal toplaması böyük hay-küyə səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?

-Öncə qeyd etdiyim kimi, olimpiada tam fərqli sahədir. Məsələyə iki prizmadan aydınlıq gətirmək istəyirəm. Birincisi, məktəb müəllimlərindən nə tələb olunur? Məktəb proqramını mükəmməl bilmək və onu şagirdə mənimsətmək. Olimpiadada isə orta məktəb proqramından çətinləşdirilmiş və bəzi kənar mövzulardan suallar düşmüşdü. Bu səbəbdən məktəb müəllimini tam qınamaq doğru olmazdı. Dünya ölkələrində belə xüsusi istedadlı şagirdlərlə işləyəcək və olimpiada suallarını həll etməyi bacaran müəllimlər kifayət qədər deyil. Hətta mənfi bal toplayan müəllimin imtahandan qaçmayıb, iştirak etməsi mənə görə böyük cəsarətdir. Bu cəsarətə görə onları alqışlamaq lazımdır. Amma bu mənfi nəticədən dərs alaraq həmin müəllimlər öz üzərlərində yorulmadan işləməlidirlər. İkincisi, Eynşteynin məhşur bir kəlamı var. “Əslində hər kəs dahidir. Amma hər balıqdan ağaca dırmanmaq istedadı tələb olunarsa, o, bütün ömrü boyu özünü axmaq hesab edəcək”. Bəlkə də olimpiadada uğur əldə etməyən müəllimlərin məktəbdə başqa uğurları ola bilər. Məsələn, şagirdə fənni sevdirmək, dərsə motivasiya yaratmaq və s. Hamımız bəzən məncə rastlaşmışıq ki, müəllim çox savadlıdır, amma fənni sevdirə bilmir. Savad olaraq ondan qat- qat zəif biri isə uşağa həmin fənni sevdirməyi bacarır. Belə hallarla çox rastlaşmışam. Buna görə də nəticənin necə olmasından asılı olmayaraq, müəllimlərimizin arxasında durmalı, onlara normal iş şəraiti yaratmalı və ən əsası onların bu nəticələrini yaxşılaşdırmasına çalışmalıyıq.

-Namiq müəllim, sonuncu sual. Eşitdiyimə görə Ağcabədidə, Salmanbəylidə xeyli vaxtdır, görünmürsünüz. Niyə?

-Bunu cavanlığın, laqeydliyin üstünə atsam, inanmayın (gülümsəyir). Həqiqətən işlər, qayğılar çoxdur. Amma bütün bunlara baxmayaraq, bu yay doğma yerləri mütləq ziyarət edəcəyəm. Oralardan ötrü burnumun ucu göynəyir…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləFHN əhaliyə müraciət etdi
Növbəti məqalədəSonuncu zəng

Şərhlər