Bu gün artıq düz 4 ildir ki, Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin məzunları sayılırıq. Məktəbdən ayrıldığımız, sanki, dünən baş verib. Sinfimiz, müəllimlərimiz, şagird yoldaşlarım gözlərimin önündədir. Kimisi ağıllı, çalışqan idi, kimisi tənbəl, dəcəl. Bir sözlə, hər şeyi, hər kəsi yaxşı xatırlayıram. Ən çox sevimli direktorumuz Səadət müəllimin bu sözləri yadımdadır: “Sizinlə danışmaq çətindir”.
“Son zəng” gününü də yaxşı xatırlayıram İlahi, bu necə zəng idi?! Zəng çalındıqca, elə bil ki, gözlərdə kədər də, qəm də artırdı. Zəngdən ayrılıq səsi gəlirdi, əlvida səsi gəlirdi. Bu səs bizə deyirdi ki, daha hər səhər hazırlaşıb məktəbə gəlməyəcəksiniz, sinif otaqlarının, arxasında əyləşdiyiniz partaları, əziz müəllimlərinizi, sinif yoldaşlarınızı həmişəki kimi görə bilməyəcəksiniz.
Sonuncu zəngin səsi gələndə məktəbin həyətində cərgələrimiz, sıralarımız da pozuldu.
O qarışıq qəribə səsləri təsvir etmək necə də çətindir!
Həmin vaxt heç ağlımıza da gəlməzdi ki, kimdənsə həmişəlik ayrılacaq, aramızda kim isə şəhidlik zirvəsinə ucalacaq.
Məktəb yoldaşım, 11 il paralel sinifdə oxuduğum Akif şəhidlik zirvəsinə ucalanda həmin “Son zəngin” səsi qulaqlarımda cingildədi. O səsdəki məhzunluq, ayrılıq sədaları doğurduğu əhval-ruhiyyə indi mənə aydın oldu.
Akif Abbasov! Bu ad hər bir məktəb yoldaşımız kimi mənim üçün də doğma və əzizdir. Doğrusu, gözəl xasiyyətli, sakit təbiətli insanın ölüm xəbərinə inanmadım. Etiraf edim ki, bu gün də inana bilmirəm. Onun yoxluğunu təsəvvür etmək mənim üçün çox ağırdır. Ancaq həqiqət acı olar, deyərlər. Həqiqət belədir ki, Akif aramızda yoxdur.
Yeganə təsəllimiz budur ki, o ana Vətənimiz üçün, xalqımız üçün canından keçib, əbədiyyət qazanıb. Akif Abbasov bir məktəbin şagirdi, bir ailənin övladı idisə, bu gün doğma Azərbaycanın övladıdır.
Ruhun şad olsun, məzarın nurla dolsun, əziz qardaşım. Məlumun olsun ki, Milli Ordumuz ermənilərdən torpaqlarımızı azad etməklə sənin qisasını alıb!
Ləman ZEYNALOVA