Təsərrüfatda şərait başlıca şərtdir

Ağcabədi ölkənin iri kənd təsərrüfatı rayonlarındandır. Burada əhali ənənəvi olaraq taxılçılıq, pambıqçılıq, kümçülüklə məşğul olur. Rayonun Poladlı kəndindən olan Əliyev Famil Allahverdi oğlu kənd təsərrüfatının bu mühüm sahələri ilə yaxından məşğul olur. O, hər il pambıq, barama istehsalı sahəsində uğurlu nəticələr əldə edir. Qabaqcıl təsərrüfatçı ötən il 8 qutu ipəkqurdu bəsləyərək, hər qutudan 45 kiloqram olmaqla, 360 kiloqram barama istehsal edib. O, bu il 4 qutu ipəkqurdu bəsləyir. Famil ötən ilki nəticəsindən ruhlanaraq, cari təsərrüfat ilində hər qutudan 50 kiloqram barama tədarük etmək fikrindədir. Hazırda istehsalçı ipəkqurdunun yemlənməsini vaxtlı-vaxtında təmin edərək, aqrotexniki qaydalara lazımınca əməl edir. Bunun üçün təsərrüfatda hər cür şərait yaradılıb. Barama saxlamaq üçün əlverişli bina ayrılıb, lazımi avadanlıqlarla təchiz olunub. Təsərrüfatçıya məxsus bir hektar sahədə 800-dən artıq yerli növ çəkil ağacları əkilib. Onun fikrinə görə, yerli çəkil sortları irigövdəli və məhsuldar olur. Onları vaxtlı-vaxtında budadıqda budaqlar sıxlaşır və ağac daha çox yarpaq verir. Famil deyir ki, ipəkqurdu saxlayırsansa, yem ehtiyatın da bol olmalıdır.

Famil Əliyev həm də pambıqçılıqla məşğul olur. Keçən il 2 hektar pambıq sahəsindən 10 ton “ağ qızıl” götürməklə o, hər hektardan 50 sentner məhsul əldə edib. Bu il 4 hektar sahədə pambıq əkən Famil Əliyev ən azı 20 ton pambıq istehsal əldə etməyi qərara alıb. Bunun üçün o, sahədə geniş kompleks becərmə tədbirləri həyata keçirib. Sahələrdə iki dəfə kultivasiya aparılıb, suvarma işləri təşkil olunub.Sahələr alaq otlarından müntəzəm təmizlənib, pambıq bitkisinə lazımi kübrələr verilib.

İnanırıq ki, Famil Əliyev aqrotexniki qaydalara düzgün əməl edərək, öz istəyinə nail olacaq. Bu işlərdə ona uğurlar arzulayırıq.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com