Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir

28 May- Respublika Günü münasibətilə ölkə prezidentinə çoxsaylı təbrik məktubları ünvanlanıb. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub.
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

ABŞ Prezidentinin Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir.Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Azərbaycan Prezidentini Novruz bayramı münasibətilə təbrik etmiş və xoş arzularını çatdırmışdı.
Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir.
Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.
Dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır.
Ölkələr arasındakı münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açır. İstər Novruz təbrikində, istərsə də ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ABŞ-ın bu istiqamətdəki siyasətinin prioriteti kimi vurğulanmışdır. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq vurğulanır.
Müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə sülh içində yaşamasına ümid ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın verə biləcəyi töhfələr danılmazdır.
Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir. Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb. O, Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Məktubdan aydın olur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.
28 May- Respublika günü münasibəti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrikində isə ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikasının müşahidə olunmasına, ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkilir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi olaraq vurğulanır. Beləliklə, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirirlər.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda Prezident İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb. Hər iki ölkənin gələcəkdə də zəngin mədəniyyətindən və qədim tarixindən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəyi bildirilmişdir.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella öz təbrik məktubunda əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayıb. Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. İtaliya Prezidenti azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının pandemiyanın ən kəskin dövrlərində yenidən öz təsdiqini tapdığını məktubunda ifadə edir.
Bəli,məktublardan da göründüyü kimi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu hər gün daha da artır, dünyanın aparıcı ölkələrinin rəhbərlərinin bu ölkə ilə tərfdaşlığına daha böyük maraq yaranır.

Şərhlər