Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 may 2021-ci il tarixdə Ağdam şəhərinə səfər edib. Dövlət başçısı səfər zamanı qeyd edib ki, Baş Planlarəsasında işğaldan azad olunmuş bütün ərazilərin bərpa olunması başlıca məqsəddir. Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olacaq və onların təklifləri də nəzərə alınacaqdır. Cənab Prezidentin sözlərinə görə, Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq. Şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyulub. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli də qoyulub. Bu parkın ərazisi, təqribən, 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə, bəlkə də, minlərlə insan işlə təmin ediləcək. Təməli qoyulmuş Bərdə-Ağdam avtomobil yolu yaxın gələcəkdə istismara veriləcək. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Təməli qoyulan meşə sahəsi ilə əlaqədar şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı olacaq. Süni göl yaradılacaq, kanallar, körpülər salınacaq. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.
Göstərilib ki, azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb. Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü.
Bütün bunlara baxmayaraq, hər zaman olduğu kimi, Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır.Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Rəsmi İrəvan isə 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub.
Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki, biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə, keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.
Böyük Qələbə sayəsində bir məsələ həllini tapdı. Bütün dünya ölkəmizin gücünə şahidlik etdi.
Əlbəttə uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanıb. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.
44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı.
Azərbaycan müharibə dövründə də özünü məsuliyyətli ölkə kimi apardı. Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik.
Dövlət başçısı xüsusi olaraq, vurğulayıb ki, bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək.Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq;
Bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq.
Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanın dalan dövlətinə çevrilməsinin əsas səbəbidir. 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Səfər zamanı dövlət başçısı bunu da əlavə edib ki, Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində qələbəmiz daha inamlı oldu. Azərbaycan Ordusu hücuma Ağdamdan başlasa idi böyük səhv olardı. Burada ermənilər çox mürəkkəb istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimizböyük yanlışlıq olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə, biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq.
Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, Paşinyan hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.
Prezident İlham Əliyev sonda bildirib ki, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir. 44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbəqazanmazsan.
Ermənistan tərəfindən son vaxtlar törədilmiş təxribatlardan danışan Azərbaycan Prezidenti qətiyyətlə bildirib ki, bütün təxribatlara adekvat cavab veriləcəkdir.Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı.