Ölkələr arasında əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 may 2021-ci il tarixdə Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib. Cənab Prezident qəbul zamanı qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində dəəməkdaşlıq sürətlə inkişaf edir.

Ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir. Elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər, gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir.

Bildirilib ki, Türkiyənin dəstəyini Azərbaycan hər zaman hiss edib. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır.

Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinəbağlı olması üçün çox önəmli addımlar atılmalıdır. Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir.İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir.

Peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biri olduğu kimi, vurğulayan Prezidenti İlham Əliyev peşə təhsili ilə bağlı işlərin davam etdiyini göstərib. Bu sahəyə çox böyük ehtiyac var. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq, peşə məktəbləri yaradılmalıdır.

Qəbul zamanı Prezident bunu da diqqətə çatdırıb ki, Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır. Təhsil proqramlarına, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq.

Möhtərəm Prezident qəbul zamanı tarixin saxtalaşdırılmasına da münasibət bildirib. Qeyd olunub ki, tarixin təhrif olunması böyük yanlışlıqların səbəbidir.Gənclər tarixi olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükələri var. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq.

Şərhlər