Dahi Azərbaycan bəstəkarı, dramaturq, publisist, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan peşəkar musiqisinin və milli operasının banisi. Xalq artisti (1938), Dövlət mükafatları laureatı (1941, 1946), Şərqdə ilk operanın yaradıcısı. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor ( 1940). Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-48), Azərbaycan Dövlət Konservatoriyasının ( indiki Bakı Musiqi Akademiyası) rektoru (1928-29; 1939-48), Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-48) olmuşdur.
Üzeyir bəy Hacıbəyli 18 avqust 1885-ci ildə Şuşa qəzasının Ağcabədi kəndində (indiki Ağcabədi şəhərində) Əbdülhüseyn kişinin ailəsində doğulmuşdur. Əbdülhüseyn Hacıbəyli Ağcabədi kəndində mirzə vəzifəsində çalışırdı və dövrünün tanınmış ziyalısı idi.Hacıbəylilər ailəsi Ağcabədidən qəza mərkəzinə – Şuşaya köçdükdən sonra Üzeyir bəy ilk təhsilini buradakı ikisinifli rusi və müsəlmani məktəbindəalmışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Üzeyir Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsirgöstərmişdir. Onun ilk musiqi müəllimi xalq musiqisinin gözəl bilicisi, dayısı Ağalar Əliverdibəyov olmuşdur. Üzeyir bəy Hacıbəyli 1897-98-ci illərdə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi və məşhur xanəndə Cabbar Qaryağdıoğlunun ifası ilə Şuşada göstərilən “Məcnun Leylinin məzarı üstündə” səhnəciyində xorda iştirak etmişdi. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Üzeyir bəy Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti, rus və Qərbi Avropa musiqi klassiklərinin əsərləri ilə yaxından tanış olmuş, skripka və baritonda çalmağı öyrənmişdir, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Üzeyir bəy Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdi. 1905-ci ildə Bakıya köçərək, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs demiş, 1907-ci ildə Bakıda “Hesabməsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirmişdir.
Üzeyir bəy Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamış, “İttihad”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, sosial, mədəni-maarif məsələlərinə dair çoxlu publisistik məqalə, felyeton, hekayə və satirik miniatürlər dərc etdirmiş, N.B.Qoqolun “Şinel” povestini Azərbaycan dilinə çevirmişdir.
Üzeyir bəy Hacıbəylinin 1908-ci il yanvarın 12 (25)-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Bəstəkar operanınlibrettosunu Məhəmməd Füzulinin eyniadlı poeması əsasında özü yazmışdır. Üzeyir bəy Hacıbəyli 1909-15-ci illərdə bir birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid Banu” (1912), “Əsli və Kərəm” ( 1912), “Harun və Leyla” (1915) muğam operalarını bəstələmişdir. Bu operaların da librettolarını xalq dastanları, rəvayətləri və Firdovsinin “Şahnamə” eposunun motivləri əsasında bəstəkar özü yazmışdı. Üzeyir bəy Hacıbəylinin dramaturgiya sahəsindəki fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm yer tutur. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətninin də müəllifi özüdür). Onun “Ər və arvad” (1910), “O, olmasın bu olsun” (1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Üzeyir bəy Hacıbəyli 1912-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmoniya cəmiyyətinin musiqi kurslarında, 1914-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü bəstəkarın yaradıcılığında mühüm rol oynamışdır. Lakin Birinci dünya müharibəsinin (1914-18) başlanması və maddi çətinliklər Üzeyir bəy Hacıbəylini təhsilini yarımçıq qoymağa məcbur etdi. Üzeyir bəy Hacıbəylinin Azərbaycan teatr sənətinin inkişafında da mühüm xidmətləri olmuşdur. Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının hələ 1916-cı ildə yaratdıqları “Hacıbəyli qardaşlarının ореrа və operetta artistləri dəstəsi” Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə coşğun fəaliyyət göstərmişdir. Dövrünün müqtədir aktyor və rejissorlarını ətrafında toplayan truppa həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərmişdir. Truppa ilk tamaşalardan biri (1918, 26 oktyabr) kimi Şəmsəddin Saminin “Gaveyi-ahəngər” əsərini seçmiş və tamaşanın gəliri Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti uğrunda şəhid olanların ailələri üçün ayrılmışdı. 1918-ci il dekabrın 7-də, Azərbaycan Parlamentinin açılış günü “Hacıbəyli qardaşları” teatrı müdriyyəti milli Parlamentə təbrikteleqramı göndərərək “… vətən və millətimizin azad istiqlalı uğrunda var qüvvəsi ilə çalışmaqla milli ədəbiyyat, milli mənəviyyat və sənayeyi-nəfisəmizin azad və sərbəst tərəqqi və inkişafına bir vəsilə olacağına qüvveyi-imanda etimad” etdiyini bildirmişdi.
Hərtərəfli istedadını doğma xalqının milli və sosial-siyasi azadlığı, tərəqqisi uğrunda mübarizəyə həsr etmiş Üzeyir bəy Hacıbəyli milli istiqlalın təcəssümü olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılamış, var qüvvə və bacarığı ilə milli dövlətçiliyin təşəkkülü və inkişafı işinə qoşulmuşdur. Onun 1918-1920-ci illərdəki fəaliyyəti Cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan” qəzeti ilə bilavasitə sıx bağlıdır.Üzeyir bəyin publisistik məqalə və felyetonları hər gün, yaxud günaşırı “Azərbaycan” qəzetində çap olunur, bəzən isə bir nömrədə müxtəlif imzalarla iki yazısı çıxırdı. Qəzetin ilk redaktoru Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy olmuşdu. Üzeyir bəy Hacıbəylinin özü isə 1919-cu il yanvarın 16-da çıxmış 89-cu sayından başlayaraq “Azərbaycan” qəzetinin redaktoru olmuşdur. Bu vaxtdan “Azərbaycan” qəzeti “Müvəqqəti müdir: Üzeyir bəy Hacıbəyli” imzası ilə buraxılmış və bu imza qəzetin həmin il 30 iyun tarixli 215-ci sayına qədər davam etmişdir. Üzeyir bəy iki aylıq müalicədən qayıtdıqdan sonra, 1919-cu ilin sentyabrından etibarən yenidən “Azərbaycan” qəzetində işə başlamış və 1920-ci il aprelin 27-nə kimi qəzetin müdiri işləmişdir.
Üzeyir bəy Hacıbəyli qəzetə rəhbərlik etməklə, onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə çalışmışdır. “Azərbaycan”dakı fəaliyyətində Üzeyir bəy Hacıbəyli özünü istedadlı, bacarıqlı, dərin düşüncəli və milli məsləkli publisist kimi göstərmişdir. Qəzetinsəhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycantarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə (xüsusilə, neft sənayesinə), maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunmuşdur. Müasir ictimai-siyasi durumla yaxından səsləşən “Mühüm məsələlər”, “Partiyalarımıza”, “Təəssürat”, “İstiqlal və istiqbal ümidi”, “Tarixi günümüz”, “Andronik məsələsi”, “Vəzifəmiz nədir”, “Lənkəran faciəsi”, “Kim nəyin fikrində imiş”, “Fitnələr qarşısında”, “Naxçıvan və Qarabağ”, “Qarabağ haqqında”, “İçimizdəki denikinlər”, “Ermənistan və Azərbaycan münasibəti” və s. yazılar Üzeyir bəy Hacıbəylinin uzaqgörən siyasətçi, əqidəli publisist olduğunu bariz şəkildə göstərir. Üzeyir bəy Hacıbəyli redaktor işlədiyi müddətdə Azərbaycan və onun ətrafinda baş verən hadisələri qəzetin səhifələrində əks etdirməklə yanaşı, burada dərc etdirdiyi çoxsaylı məqalələrində həmin hadisələrə özünün şəxsi münasibətini bildirirdi. Bu məqalələrdə o, Azərbaycan Cümhuriyyəti Parlamentinin, Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Hökumətlərinin yeritdiyi siyasi xətti qızğın müdafiə edirdi.
“Bir yaş” məqaləsində Üzeyir bəy Hacıbəyli yazırdı: “ Bu gün, istiqlalın elan etmiş olduğumuz və istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanimanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da ikinci yaşa qədəm qoyduğu gündür…
Bir yaşlı dövlətimiz – gələcəkdə – yaxın gələcəkdə türklügün ümidgahı, islamlığın pənahı və aləm mədəniyyətinin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirmədədir”.
”..ÖLMƏK VAR, DÖNMƏK YOXDUR. Bu əziz bayram günü sidq dil ilə yaşasın müstəqil Azərbaycan deyənlər əmin olmalı: onu müstəqil yaşatmağa qadir olarlar” (“Azərbaycan”, 1919, 28 may).
“Qara təhlükə” məqaləsində Üzeyir bəy həyəcanla bildirirdi: “İstiqlalımızın bir ilinin bayramını yenicə keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan birqara əl haman istiqlalımızı qırmaq və bizi murdar pəncəsi altında əzmək xəyalilə şimalımızdan uzanmağa başladı”.
İncəsənətin mənasını xalqa xidmətdə görən Üzeyir bəy Hacıbəyli Aprel işğalı (1920) nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da fəaliyyətini eyni vətəndaşlıq qeyrəti və əzmi ilə davam etdirmiş, milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqixəzinəsinin incilərindən olan dahiyanə “Koroğlu” operasını bəstələmişdir. Üzeyir Hacıbəyli Azərbaycan Respublikası Dövlət himnlərinin (1945, 1992) musiqisinin müəllifidir. O, eyni zamanda, elmi musiqişünaslığın, xüsusilə, musiqi nəzəriyyəsinin(“Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası, 1945), musiqi təhsilinin əsasını qoymuş və musiqi mədəniyyətimizin inkişafına ömrünün sonunadək fasiləsiz rəhbərlik etmiş, onun bugünkü yüksək professional səviyyəyə yüksəlməsinin, müasirbəstəkarlıq məktəbinin beşiyi başında durmuş, qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmış, habelə ictimai xadim kimi geniş fəaliyyət göstərmişdir. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyəti xəzinəsinin qızıl fonduna daxil olmuşdur. Görkəmli musiqi xadimləri onu “professional Şərq musiqisinin atası” adlandırmışlar. Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası dünyanın bir çox dillərinə, o cümlədən İngilis, Alman, Rus, Çin, Ərəb, Fars, Gürcü, Ukrayna dillərinə tərcümə olunaraq, Moskvada, Nyu-York, Paris, London, İstanbul, Tehran, Qahirə, Berlin, Varşava, Sofiya, Budapeşt və Buxarestdə, habelə başqa yerlərdə, “O olmasın, bu olsun” (“Məşədi İbad”) musiqili komediyası Cənubi Qafqazda, Dağıstan, Orta Asiya, Türkiyə, Bolqarıstan, İran və Yəməndə, “Koroğlu” operası isə Aşqabadda (türkmən dilində), Yerevanda (erməni dilində), Daşkənddə (özbək dilində) uğurla tamaşaya qoyulmuşdur. “Arşın mala alan” 1916, 1917, 1945 və 1965-ci illərdə, “O olmasın, bu olsun” (“Məşədi İbad”) isə 1956-cı ildə ekranlaşdırılmışdır. “Arşın mal alan”ın motivləri əsasında ABŞ-da film çəkilmişdir(1937).
Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan Üzeyir bəy Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd edilmişdir.
Əsərləri:
1. Əsərləri, c.14, B., 1964-68;
2. Beş manat əhvalatı. Hekayələr və miniatürlər, B., 1974;
3. Ordan-burdan, B., 1981
4. Azərbaycan xalq musiqisinin əsasları, B., 1985 (rus və ingilis dillərində də buraxılmışdır);
5. İzbrannıe proizvedeniə, B., 1985.