1917-ci ilin fevralında baş vermiş inqilab Çar Rusiyasının süqutuna səbəb oldu. Nəticədə imperiya tərəfindən məzlum vəziyyətə salınmış xalqların azadlıq hərəkatı geniş vüsat aldı. Müstəmləkə zəncirlərindən xilas olmaq üçün Azərbaycan xalqı da bu hərəkatın ön sıralarında addımlayırdı. Şanlı vətən oğullarının misilsiz fədakarlığı sayəsində 28 may 1918-ci ildə müsəlman Şərqinin ilk demokratik, dünyəvi dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olundu. Məhəmmədəmin Rəsulzadənin rəhbərliyi ilə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müstəqil, azad, demokratik respublika kimi ölkəmizin tarixində parlaq bir səhifə açdı.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüuru özünə qaytarılmış, öz müqəddəratını təyin etmək hüququ təmin olunmuşdur. Qəbul olunmuş İstiqlal Bəyannaməsi azərbaycanlıların çoxdankı müstəqillik arzularının təntənəsi idi.
Yüz üç il bundan əvvəl Tiflisdə fəaliyyətə başlayan Xalq Cümhuriyyəti türk və islam dünyasının ilk parlamentli, demokratik, hüquqi dövləti kimi diqqəti çəkmişdir.
Baş nazir Fətəli Xan Xoyskinin rəhbərliyi altında sözügedən şəhərdə fəaliyyətə başlayan müvəqqəti hökumət 10 gün işlədikdən sonra Gəncəyə dönür. Yalnız 2018-ci ilin sentyabr ayında Türk Ordusunun rəhbərliyi ilə Bakı şəhəri daşnaq-bolşevik-rus qüvvələrindən təmizləndikdən sonra hökumət Gəncədən paytaxta köçürülür.
Yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin vəzifələri şərəflə yerinə yetirirdi. Atılmış ciddi addımlar nəticəsində ölkənin parlamenti, dövlət aparatı təşkil olunur. Bu zaman dövlət sərhədləri müəyyənləşdirilir, bayraq, gerb və himn, milli bank, pul təsis edilir, ana dili dövlət dili elan olunur. Ölkədə ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilir. Maarif və mədəniyyətin inkişafına diqqət artırılır. Təhsilin milliləşdirilməsi, ilk universitetin yaradılması xüsusi önəm kəsb edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar etdiyi xalq hakimiyyəti insanların bərabərliyi prinsiplərinə əsaslanaraq, bütün vətəndaşlara bərabər hüquqlar verməklə irqi, milli, dini, sinfi ayrıseçkiliyi aradan qaldırdı. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Ölkədə qadınlara ilk dəfə seçim hüquqları verildi, onların kişilərlə bərabərliyi təmin edildi, demokratikləşmə, azad seçki siyasəti reallaşdırıldı. Maraqlıdr ki, Azərbaycan Demokratik Respublikasını dünya ölkələri sırasında ilk dəfə rəsmən tanıyan dövlət Osmanlı Türkiyəsi olmuşdur.
1918-ci ilin 9 noyabrında Məhəmmədəmin Rəsulzadənin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edildi. Həmin vaxta qədər Azərbaycanın dövlət bayrağı qırmızı rəngdən ibarət idi.
Təəssüflər olsun ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərən Xalq Cümhuriyyəti 2 yaşına çatmadan, bolşeviklərin hücumları nəticəsində müvəqqəti olaraq devirildi. Lakin dünya birliyi tərəfindən tanındığı üçün beynəlxalq hüququn subyekti hesab edilən Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal olunsa da, dünyanın siyasi xəritəsindən silinmədi.
Sovetlər İttifaqı dağılandan sonra ölkəmiz yenidən öz müstəqilliyinə qovuşdu. Qeyd edək ki, Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət bu dəfə də qardaş Türkiyə idi.
XX yüzilliyin sonlarında müstəqilliyini yenidən bərpa edən xalqımız öz suverenliyini qoruyub, saxlamağı bacardı. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyev Azərbaycanda dövlətçiliyin qorunması və möhkəmləndirilməsi üçün titanik tədbirlər həyata keçirməyə nail oldu. Davamlı ictimai-siyasi sabitlik bərqərar olduğu ölkəmiz bu gün böyük sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.
Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalan ulu öndər Heydər Əliyevin siyasəti onun layiqli varisi, Azərbaycan respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan möhtəşəm tərəqqi yolu keçmiş, dünyanın qabaqcıl dövlətləri sırasına daxil olmuşdur. Respublikamız beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanmışdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı Milli Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın erməni işğalından azad edilməsi bu nüfuzu daha da artırdı. Qürurverici haldır ki, xalqımız bu il Respublika Gününü misilsiz ruh yüksəkliyi, Qələbə təntənəsi ilə qeyd edir.
Yəhya PAŞAZADƏ