Özümün, yaxınlarımın, qohumlarımın haqqında uzun-uzadı danışmağı sevmirəm. Hansısa uğurumuzun da üstündən sakitçiliklə keçməyə can atıram. Həmişə doğmalarım buna görə məni qınayırlar. Bilmirəm kim necə qəbul edir, amma bu da dəyişməyən bir xarakterdir və yəqin ki, həmişə də belə olacaq. Lakin bəzi hallarda bu dəyişilməzliyin özünə bir dəyişiklik etməli olursan. Söhbət sənətdən, yaradıcılıqdan gedirsə, qohumluq arxa plana keçir və sən məhz sənətə görə qohumluğa göz yummalı olduğunu anlayırsan.
Bir müddət əvvəl “Aran” ın əməkdaşı Adil Misirli rayonumuzdan olan xanəndə Narıngilə Cəfərova haqqında maraqlı bir yazı hazırladı. Axtarışlar zamanı təəssüfləndirici hal bu oldu ki, biz heç bir yerdə o xanəndənin səsyazısını tapa, dinləyə bilmədik. Yalnız iki lent yazısı tapıldı. Onların da bərpaya ehtiyacı var və hazırda bunun üçün çalışırıq. Bundan sonra qərara gəldik ki, dünyasını dəyişmiş bu cür sənətkarların haqqında mütləq öyrənməli, yazmalı, onların yaradıcılıq nümunələrinin itib-batmasına imkan verməməliyik.
Beləliklə, bu gün sizə daha bir istedadlı insan haqqında söz açacağam. Gözəl gitara ifaçısı və rəssam haqqında…
Ağayev Yurik Yusif oğlu 1 aprel 1957-ci ildə Ağcabədi rayonunun indiki Yeni Qaradolaq kəndində anadan olmuşdur.1966-1976-cı illərdə Ağcabədi şəhər 1 saylı beynəlmiləl tam orta məktəbinin rus bölməsində orta təhsil almışdır. 1980-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olan Yurik 1983-cü ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
1996-cı ildə, 39 yaşında vəfat etsə də gözəl xasiyyəti və istedadı ilə yaddaşlarda və qəlblərdə yaşamağı bacaran həmyerlimiz bu gün də xoş sözlərlə xatırlanır…
Yuxarıda qohum mövzusunu nahaqdan açmadım. Bəli, yazımın qəhrəmanı həm də mənim əmim idi. Amma yazımda bunu ona görə qeyd etdim ki, digər qohumları ilə bərabər mənim də balaca xatirələrim olacaq. Bəlkə elə birinci mən başlayım?
Zahiri görünüşünə çox önəm verən biri idi
O, vəfat edəndə 12 yaşım vardı. Amma yaddaşımda bu gün də olduğu kimi qalıb. Hər zaman səliqəli və zövqlə geyinərdi. Özünün fərqli geyim tərzi, saç düzümü vardı. Yəqin ki, bu, sənətindən irəli gələn bir seçim idi . Bu görünüş onu digər insanlardan fərqləndirirdi və çox yaraşırdı.Həmin dövrün estrada ulduzlarına bənzədirdim onu…
Daxili aləmi isə…
Uşaqlıqdan ta indiyədək insanlarla ünsiyyət qurmaqdan çox, onları müşahidə edərək öyrənməyi sevmişəm. Saxta münasibətləri dərhal hiss edirdim və azacıq saxtalıq hiss etdiyim kimsəni heç vaxt özümə yaxın buraxmırdım.Və o vaxtlar mənim – xeyli kompleksləri olan balaca qızcığazın öz qəlbinə yaxın buraxdığı az insanlardan biri idi Yurik əmi. Hay-küysüz danışığı, mədəniyyəti, təvazökarlığı, sadəliyi, ən əsası, sevgi dolu olması bu insana qarşı qəlbimdə sonsuz bir bağlılıq yaratmışdı. Hə, bir də… Bir də onun bu dünyanın adamı olmadığını çox yaxşı hiss edirdim. Ömrünün sonlarına yaxın dəfələrlə yolda, küçədə rastlaşıb görüşəndən sonra ardıyca zillənib qaldığım yadımdadır. Anam əlimdən tutar, səhhətində problemlər yaranmış əmim haqqında əslində yaşımdan böyük nələrsə düşündüyümü hiss edərək qayğılı-qayğılı gülümsəyər, gəl, qızım, gəl gedək deyərdi… Mən isə…O insanı daha çox “oxumaq”, daha çox tanımaq istəyirdim… Çünki fərqli olduğunu bilirdim…
Rəmiş deyirdi ki, gitarada məndən sonra Yurikdir
Musiqi istedadı hələ uşaq ikən özünü büruzə verməyə başlayıb. Atam (Musa Ağayev) danışırdı ki, Yurikə sadəcə qarmonda bir iki mahnı öyrətdim. Notsuz-filansız. Qısa vaxtda o, artıq özü mahnılar çalmağa başladı. Qarmonla olan bu başlanğıc sonralar onu gitara ifaçısı kimi sevdirəcək, məşhurlaşdıracaqdı…
Y. Ağayev toy məclislərində çox olsa da, təəssüf ki, həmin illər videoçəkilişlərin olmaması, 90-cı illərin əvvəllərində isə aşağı keyfiyyətli çəkilişlərin olması səbəbi ilə onun barmaqlarının sehrini bu günkü izləyicilərə, dinləyicilərə tam təqdim etmək olmur.
Məşhur gitara ifaçısı Rafiq Hüseynovla ( Rəmiş) yaxın dost idi. Rəmiş bu ailənin tez-tez qonağı olub.Yurikin toy məclisində gitara ifaçısı da elə dostu Rəmiş idi. Yadımdadır, o vaxt böyüklər danışırdı ki, Rəmiş deyir, gitarada məndən sonra Yurikdir.
Yurik təkcə rayon məclislərində iştirak etmirdi. Demək olar ki, çox bölgələrdən məhz onun ardıyca gələr, məclislərində iştirak etməsini istəyirdilər.
Qardaşı Asif Ağayev danışır ki, 1980-ci ildə Xalq Artisi Zeynəb Xanlarova Özbəkistanda konsert verəcəkdi. Lakin ansambldakı gitara ifaçısı qəfil xəstələnir. Əlimyandıda bu məsuliyyəti boynuna götürə biləcək ifaçı axtarırlar. Həmin vaxt Yurik Özbəkistanda idi (Özbəkistanda da toy məclislərində iştirak edirdi). Onun peşəkarlığı haqqında məlumat alan kimi dərhal ansambla dəvət edirlər və təklifi qəbul edən ifaçı çox rahat şəkildə konsertdə iştirak edir. Həmin konsertin videogörüntüsü hal-hazırda “YouTube” sosial şəbəkəsində “Zeynəb Xanlarova. Özbəkistan konserti 1980” başlığı altında yer alıb.
O barmaqlar təkcə simləri yox, həm də rəngləri “danışdırırdı”
“Soldan birinci Y.Ağayev Z.Xanlarovanın Özbəkistandakı konsertində”
Qeyd etdiyimiz kimi Yurik Ağayev həm də gözəl rəssam idi. Bacısı Xuraman Ağayeva deyir ki, rəssamlığa həvəsi də onda böyük qardaşımız Musa yaratmışdı. İstedadı olduğunu hiss etdiyi üçün ona istiqamət verməyə başladı. Və Yurikin tezliklə bu sahədə də özünü doğruldacağına inandı. Artıq məktəbdə istedadı ilə seçilən Yurik 6-cı sinifdə oxuyarkən bir rəsm müsabiqəsində iştirak edir. Gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərinə çəkdiyi illüstrasiya bu müsabiqədə 1-ci yeri tutur. Həmin rəsm son dövrlərə qədər rayon uşaq yaradıcılıq mərkəzində saxlanılırdı…
Bir nəfərin portretini xəyalında canlandıraraq çəkmişdi
Atam danışırdı ki, rayonda bir kişi vəfat etmişdi. Üzdən tanıyırdıq. Amma heç bir fotosu yox idi. Oğlanları Yurikdən xahiş etdilər ki, onun şəklini elə xəyalındakı kimi başdaşına həkk etsin. Əlbəttə, bu çox çətin bir iş idi. Bir insanın bütün cizgilərini nə qədər mükəmməl şəkildə yadda saxlayasan ki, onu təsəvvüründə canlandırıb portretini çəkə biləsən. Lakin Yurik bu məsuliyyəti də çiyninə götürür. Öncə kağız üzərində həmin kişinin şəklini eyni özü kimi yaradır və çox bəyənildiyi üçün başdaşında da həmin şəkli həkk edir.
Rəssamın çox gözəl peyzaj və portretlərdən ibarət əl işləri olduğu danışılır. Taxta üzərində qələmlə çəkdiyi bir rəsmi isə mağazalardan birində divarda görmüşdüm. Mağaza sahibi artıq dünyasını dəyişdiyi üçün şəklin sonrakı taleyindən xəbər ala bilmədim. Çəkdiyi bütün rəsmlərdə “Yura” adı ilə imza edirdi. Çox arzu edərdim ki, kimdəsə həmin rəsmlərdən varsa sadəcə fotosunu çəkmək üçün bizə yardımçı olsun.
Axtarışlarım zamanı rəssamın sulu boya, yağlı boya, qələm, karandaş və s.lə çəkdiyi rəsmlərdən yalnız birini əldə edə bildim. Sulu boya ilə çəkilmiş həmin şəkildə rayonumuzda tanınmış fotoqraflardan olan Cahangir Baxışov və onun həyat yoldaşı Marusa xanımın gənclik illəri təsvir olunub. Rəsmi bizə təqdim etdiyi üçün Cahangir kişinin övladı Cavanşir bəyə minnətdarlığımızı bildiririk.
“Sulu boya ilə çəkilmiş rəsm”
Mərmər üzərində həkk etdiyi şəkillər isə kifayət qədər çox olsa da, öz yaxın qohumlarından birinin şəklini təqdim etməyi daha münasib bildik…
“Rəssamın mərmər üzərində həkk etdiyi şəkil”
Sinif yoldaşı Tamara Quliyeva Yurik haqqında xatirələrini bölüşərək onun istiqanlı və həm də çox mühafizəkar olduğunu vurğuladı. Bildirdi ki, sinifdəki qızları qorumağı bir məsuliyyət kimi hiss edirdi. Məktəbdə musiqi ilə yanaşı rəssamlığı ilə də diqqət mərkəzində idi. Onun çox gözəl rəsmləri vardı.
Qardaşının həyat yoldaşı Zəhra İbrahimova da Yuriki böyük ehtiramla xatırlayır:
“Mən təzə ailə quranda bir dəfə həyəti süpürürdüm. Kiçik qaynım Yurik bunu görən kimi süpürgəni əlimdən alıb kənara atdı. Dedi ki, sən yaradıcı adamsan, özünü belə işlərlə tanıtma. Qardaşıma yaxşı bax,bu bəs edər. O, bir azacıq istedad gördüyü adama fərqli yanaşırdı. Çünki özü də yaradıcı idi və bu cür insanların ayrı bir dünyası olduğunu gözəl bilirdi. Övladlarımda rəssamlığa meyl vardı. Bunu bildiyi üçün onlara ruh verməyə çalışırdı. Başqa qohumlar bu balacalara həmin vaxtın uşaqları üçün sevimli olan limonad, saqqız və s. alanda Yurik sulu boyalar, karandaşlar alıb verirdi. İstəyirdi ki, həvəslənsinlər… Onun gözəl qəlbi vardı. Xatirimdə sakit, mehriban xasiyyəti ilə qalıb. Bu dünyada, bizlərlə birgə yaşayırdı, amma gözlərinin dərinliyndə, yumşaq təbəssümündə daim öz dünyası ilə baş-başa olduğunu görmək olurdu. Sevdiyim bir mahnı var idi. Həmişə onlara gedən kimi dinməz-söyləməz gitaranı gətirib həmin musiqini çalırdı. İstəyirdi ki, hamının qəlbini xoş etsin. Qismət… Bu cür gözəl insan həyatı doya-doya yaşaya bilmədi. İki körpə qızı qalmışdı. Çox şükür, bu gün hər ikisi ali təhsil alıblar, artıq özləri övlad sahibidirlər.”
Əziz oxucular, bu gün sizlərə Ağcabədinin daha bir istedadlı insanı haqqında məlumat verdik. Bu insanların unudulmaması, hər zaman xatırlanması üçün köməyinizi əsirgəməyəcəyinizə inanırıq. Sosial şəbəkə ünvanlarımıza yazdığınız təkliflərin də hər biri bizim üçün önəmlidir və həmin insanlar haqqında da axtarışlar edərək yazılar hazırlayacağıq. Rubrikanı izləməyə davam edin!
Məhsəti MUSA