Müasir dövrdə numizmatika tarixşünaslığın köməkçi tədqiqat sahəsi çərçivəsindən çıxaraq bir sıra mühüm siyasi-iqtisadi məsələlərin öyrənilməsində yeni tədqiqat üsulları ilə zənginləşmişdir.
İşğaldan azad edilmiş tarixi Qarabağ diyarının vacib dövlətçilik rəmzi olan sikkələr əsasında araşdırılması da bu baxımdan önəmli əhəmiyyət kəsb edir.
Hazırda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan numizmatik faktlar sırasında 1961-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində aşkarlanmış sikkə dəfinəsidir.
Eldənizlər dövrünün numizmatik tapıntıları ilk dəfə XIX əsrin numizmatik araşdırmalarında (Fraehn Ch., Soret F., Bartholomaei J., Lane Poole S.) tədqiqə cəlb edilmiş, sonrakı təhlillərdə (Markov A., Ziya A., Təbatəbai S., Paxomov Y., Rəhimov A., Seyfəddini M., Kapanadze D.) və müasir əsərlərdə (Rəcəbli Ə., Kayhan H., Mosanef F. və b.) belə sikkələrdən ibarət dəfinələr, sikkələrin tipləri, numizmatik təyinatı metodları, kimyəvi tərkibi və s. məsələlərin həlli barədə fikirlər təqdim edilmişdir.
Dövrün tarixi barədə məlumatlar bir sıra yazılı mənbələrdə (Ravəndi, Yaqut, İbn əl-Əsir, Nəsəvi, əl-Cuveyni) və əsərlərdə (Alyari H., Hartmann A., Taneri A., Kafesoğlu İ., Turan O., Merçil E., Kayhan H., Minorski V., Bosworth C., Z.Bünyadov, Vəlixanlı N. və s.) əksini tapmışdır.
Ağcabədi rayonunun Təzəkənd kəndində aşkarlanmış sikkə dəfinəsi 36 ədəd mis dirhəmdən ibarətdir (NF 28016 – 28027; 8836 – 8859).
Numizmatik təyinatına əsasən, orta çəkisi 7 – 9 q olan belə dirhəmlər V Azərbaycan atabəyi Özbəyin (hicri 607–622-miladi 1210–1225-ci illər) dövründə zərb edilmişdir. Dəfinədəki sikkələrin bəziləri yazıları aydın bilinməklə (12 ədəd), digərləri isə (24 ədəd) səliqəsiz möhürlərlə zərb edilmişdir.
Sikkə dəfinəsində olan NF 28016 saylı mis dirhəmin (7,42 q) bir üzündə ərəbcə sözün bir hissəsi: “kan” həkk edilmişdir. Bu sikkəni tipinə və dövrün yazılı mənbələrinə əsasən Beyləqan zərbxanasında zərb edildiyi söylənə bilər.
“Arran” inzibati bölgəsinə daxil olan və yazılı qaynaqlarda “Paytakaran” adı ilə qeyd edilən işğalçı hücumlar və dağıntılara məruz qaldığı zaman Beyləqan şəhəri ərazisində Mil düzənliyində Örənqala adı ilə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmışdır.
Bu orta əsr qala şəhərinin hələ V əsrdən təsis edildiyi və mühüm sənətkarlıq və ticarət mərkəzi olduğu müəyyən edilmişdir.
İslam sikkələrinin ilk araşdırıcılarından olan V.Tizenhauzen «Arran» adı olan ilk dirhəmlərin Qarabağ ərazisindəki Bərdə şəhərini ifadə etdiyini, lakin bu inzibati bölgəyə həm də Gəncə, Təbriz, Beyləqan və Şəmkir şəhərlərinin daxil olduğunu qeyd etmişdir.
Təzəkənd sikkə dəfinəsindəki dirhəm üzərindəki yazılar Beyləqan şəhər-zərb- xanasının adı olan ilk sikkədir və bu zərbxananın XIII əsrin I rübündə fəaliyyətini davam etdirdiyini təsdiq edir.
Numizmatik araşdırmalardan məlumdur ki, Azərbaycan atabəyləri (Eldənizlər hicri 531–607 = miladi 1136 – 1225) dövrünə dair gümüş sikkələr məlum deyildir. Bu dövlətin hökmdarlarının dirhəm və felsləri səliqəsiz möhürlərlə, “düzgün” (dairəvi) və “qeyri-düzgün” (dördbucaqlı və digər) formalı olmaqla zərb edilmişdir.
Təzəkənd dəfinəsindəki Azərbaycan atabəyi Özbəyin dövrünə aid sikkələrə həkk edilmiş iki, bəzən üçdişli yaba, yay və xəncər təsvirləri dövrün hərb tarixi barədə məlumat verir. Belə sikkələrin bəzilərində aydın görünən yazılara əsasən hökmdar Özbəyin və atasının adları (Uzbək bin Muhəmməd), şərəfli və uca titulları (əzəmətli atabəy, dinin Günəşi; məlik, haciblərin əmiri), həmçinin Abbasi xəlifəsi ən-Nasirin adı və titulu (əmirəl muminin ən-Nasir lidinillah; 1180 – 1225), zərb tarixi sözlərlə (hicri tarixə müvafiq) həkk edilmişdir. Bu Abbasi xəlifəsinin adı həm də Şirvanşah I Gərşasbla (1205-1225) birgə dövrün mis felslərində (2 – 4 q) nəzərə çarpır.
Beləliklə, Təzəkənd sikkə dəfinəsinin numizmatik araşdırmalar və yazılı mənbələrlə müqayisəsi nəticəsində aşağıdakı qənaətlər əldə edilmişdir:
1) Atabəy Özbəyin titulları – “Əzəmətli atabəy, dinin Günəşi, məlik” olmuşdur. Bəzi hallarda isə sikkələrə onun vəzirinin (Şəmsəddin Qumi) titulu (haciblərin əmiri) zərb edilmişdir. Belə sikkələr müxtəlif formalı (düzgün və qeyri-düzgün) və fərqli möhürlərlə (dairəvi, nöqtəvari, dördbucaqlı) mis və tuncun qarışığı olan metaldan zərb edilmişdir. Eldənizlər dövrünə aid gümüş sikkələr məlum deyildir.
2) Eldənizlər dövrü sikkələrindəki yazılar müvafiq dövrdə İslam dininin başlıca inanc mənbəyi olduğunu bildirir, təsvirlər isə hərb zamanı istifadə edilən silahları əks etdirir.
3) XIII əsrin I rübündə Beyləqan, Şəmkir, Bərdə, Gəncə, Urmiya, Təbriz, Ərdəbil şəhər zərbxanalarında müxtəlif çəkili, estetik gözəlliyə malik olmayan dirhəmlər istehsal edilmişdir. Eldənizlər dövrünə aid sikkələrin əksəriyyətinin zərbxana olmadığından (və ya zərb edilmə zamanı təhrif olunduğundan) dövrün digər şəhər zərbxanalarında zərb olunduqları müəyyən edilib.
4) 15 il hakimiyyətdə olan Atabəy Özbək dövrünə aid qızıl sikkələr məlum olmasa da, ondan əvvəlki Eldəniz hökmdarı Əbubəkrə aid dinarları vardır (hazırda Amerika Numizmatika Cəmiyyətində qorunur). Azərbaycan Atabəyləri adından zərb edilən qızıl sikkələr dövrün beynəlxalq ticarət əlaqələrini təsdiq edir.
Atabəy Özbək dövrünə aid sikkələr yalnız Ağcabədi rayonunda deyil, həm də Azərbaycan Respublikasının digər ərazilərində (Naxçıvan MR-nın Xaraba Gilan, Beyləqan, Bərdə, Gəncə, Bakı, İmişli, Sabirabad, Qəbələ) tapılmışdır. Belə sikkələrin Səlcuqilər, Şirvanşah-Kəsranilər və Xarəzmşah sikkələri ilə birgə aşkarlanması Azərbaycanın müvafiq dövrdə Türkiyə, İran, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə olan ticarət əlaqələri sübut edir.
Atabəy özbək dövrünə aid sikkələrin Azərbaycan Respublikasının müxtəlif ərazilərdə xeyli miqdarda aşkarlanması, onların məhz yerli zərbxanalarda istehsal edilərək, pul dövriyyəsində iştirak etdiyini təsdiq edir.
Müasir dövrümüzdə istər arxeoloji qazıntılarda, istərsə də təsadüfən aşkarlanan belə sikkələrin mütəxəssislərə təhvil verilməsi və muzeylərdə qorunması çox vacib məsələdi.
Aygün MƏMMƏDOVA,
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru.
Şəfa MÖVSÜMOV,
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri
Şəkil 1. NF 28020. Eldənizlər. Özbək (607 – 622 = 1210 – 1225), mis fels, 3 q (“ən-Nasir”, “Muhəmməd”, “əzəmətli atabəy” sözləri ilə).
Şəkil 1. NF 28021. Eldənizlər. Özbək (607 – 622 = 1210 – 1225), mis fels, 3 q (“ən-Nasir”, “əzəmətli atabəy” sözləri, üçdişli yaba təsviri ilə).