Azərbaycanda qarğıdalı sahələrini dövlət dəstəyi ilə aqrar sığorta vasitəsilə güzəştli şərtlərlə sığortalamaq mümkündür.
Qarğıdalı bitkisi Azərbaycanda buğdadan sonra ən kütləvi şəkildə əkilən bitkidir. Hazırda ölkənin 53 rayonunda, 33,7 min hektar ərazidə qarğıdalı əkilir. Bunun böyük hissəsi Şəki-Zaqatala, Aran və Gəncə-Qazax regionunun payına düşür. Ölkənin əsas qarğıdalı becərilən rayonları Balakən, Zaqatala, Ağcabədi, Qax, Goranboy, Şəmkir, Tovuz, Şərur, Ağsu, Şəki, Beyləqan, Biləsuvar, Saatlı və Sabirabaddır.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildiriblər ki, ölkə üzrə qarğıdalı sahələrinin orta məhsuldarlığı 63,6 sentner, təmizləndikdən sonra isə 61,4 sentner təşkil edir. Ayrı-ayrı regionlarda qarğıdalının məhsuldarlığı 1 hektar üzrə 48–80 sentner arasında dəyişir. Bir sentner dənlik qarğıdalının orta satış qiyməti 55 manatdır.
Aqrar sığorta qaydalarına əsasən, qarğıdalı bitkisinin sığotalanması üçün 2 sığorta zərfi mövcuddur.
Birinci “baza zərfi” qarğıdalı bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
İkinci “sığorta zərfi” qarğıdalı bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
Bundan başqa, aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.
Qarğıdalı bitkisinin “baza” sığorta zərfi ilə sığortalanması tarifləri 1,2-3,1 faiz arasında dəyişir.
Məhsuldarlıq, qiymət və sığorta tarifini nəzərə alaraq, 1 hektar qarğıdalı sahəsinin sığortalanması üçün orta sığorta haqqı aşağıdakı kimidir:
Gəncə-Qazax regionu üzrə təqribən 60 manat.
Gəncə-Qazax regionunda 1 hektardan orta məhsuldarlıq 70,8 sentner, gəlir təqribən 3900 manat, sığorta tarifi 3,1 faizdir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 120 manat təşkil edir. Bunun 60 manatını fermer, 60 manatını isə dövlət ödəyir.
Şəki-Zaqatala regionu üzrə təqribən 29 manat.
Şəki-Zaqatala regionunda 1 hektardan orta məhsuldarlıq 51,8 sentner, gəlir təqribən 2 850 manat, sığorta tarifi 2,06 faizdir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 58 manat təşkil edir. Bunun 29 manatını fermer, qalan 29 manatını isə dövlət ödəyir.
Quba-Xaçmaz regionu üzrə təqribən 39 manat.
Quba-Xaçmaz regionunda 1 hektardan orta məhsuldarlıq 80,1 sentner, gəlir təqribən 4 400 manat, sığorta tarifi 1,78 faizdir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 78 manat təşkil edir. Bunun 39 manatını fermer, 39 manatını isə dövlət ödəyir.
Aran regionu üzrə təqribən 24 manat.
Aran regionunda 1 hektardan orta məhsuldarlıq 72,9 sentner, gəlir təqribən 4 000 manat, sığorta tarifi 1,20 faizdir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 48 manat təşkil edir. Bunun 24 manatını fermer, 24 manatını isə dövlət ödəyir.
Lənkəran regionu üzrə təqribən 16 manat.
Lənkəran regionunda 1 hektardan orta məhsuldarlıq 47,8 sentner, gəlir təqribən 2 600 manat, sığorta tarifi 1,20 faizdir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 32 manat təşkil edir. Bunun 16 manatını fermer, 16 manatını isə dövlət ödəyir.
Yuxarı Qarabağ regionu üzrə təqribən 19,5 manat.
Yuxarı Qarabağ regionunda 1 hektardan orta məhsuldarlıq 56,3 sentner, gəlir təqribən 3 100 manat, sığorta tarifi 1,26 faizdir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 39 manat təşkil edir. Bunun 19,5 manatını fermer, 19,5 manatını isə dövlət ödəyir.
Dağlıq Şirvan regionu üzrə təqribən 26 manat.
Dağlıq Şirvan regionunda 1 hektardan orta məhsuldarlıq 65,7 sentner, gəlir təqribən 3 600 manat, sığorta tarifi 1,44 faizdir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 52 manat təşkil edir. Bunun 26 manatını fermer, 26 manatını isə dövlət ödəyir.
Qeyd: Hesablama – ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizi ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.