ƏNVƏR ƏHMƏD (1943)

            Əhmədov Ənvər Misir oğlu 1943-cü ilin avqust ayının 8-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. Orta təhsilini 1960-cı ildə Ağcabədi şəhər 5 nömrəli məktəbdə başa vurub. 1962-ci ildə Bakı Statistika Texnikumunu qurtarıb. Mühasib ixtisası alıb. 1968-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. 1982-ci ildə “M.Ə.Sabirin poetikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1981-ci ildən SSRİ Yazıçılar İttifaqının, 1997-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

            1965-ci ilin sentyabr ayının 1-dən Ağcabədi şəhər 2 nömrəli orta məktəbində Azərbaycan ədəbiyyatı ixtisası üzrə müəllim, 1966-ci ilin iyul ayından etibarən Ağcabədidə çıxan “Sürət” qəzetində məktublar şöbəsinin müdiri olub. 1974-cü il sentyabrın 1-dən Xankəndi Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1988-ci ildə həmin Pedaqoji İnstitutunun Azərbaycan bölməsi Gəncəyə köçürülüb. Buna görə də 1 il H.B.Zərdabi adına Gəncə Pedaqoji Universitetində dosent kimi fəaliyyətini davam etdirib. 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa və Ağcabədi filiallarında dosent, direktor müavini və direktor vəzifələrində fəaliyyət göstərib. Dəfələrlə Türkiyə Respublikasında, Çanaqqala şəhərində keçirilən türk qəhrəmanlıq tarixinə dair təntənəli yığıncaqlarda və şeir bayramlarında iştirak edib.

            İlk şeirləri 1962-ci ildən “Ağcabədi pambıqçısı”, Ağdamda çıxan “Lenin yolu” və “Azərbaycan gəncləri” qəzetlərində, “Ulduz” və “Azərbaycan” jurnallarında dərc edilib. Ədəbiyyata “Gözlərim”, “Kökələr”, “Dağ və mən”, “Buludlar” şeirləri ilə gəlib. İlk ədəbi addımlarından ədəbi-ictimaiyyətin diqqətini cəlb edib. Azərbaycanın görkəmli ədəbiyyat və elm xadimləri akademik Məmməd Cəfər Cəfərov, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rüstəm, Qulu Xəlilli, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Atif Zeynallı, Osman Sarıvəlli və başqa görkəmli şair və yazıçılar Ənvər Əhmədin poetik dünyasına rəğbətlə yanaşıb, dəyərli fikirlər şöyləmişlər.

            Ənvər Əhməd şair-dramaturq, publisist, filologiya elmi üzrə fəlsəfə doktoru, Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü, professordur, Heydər Əliyev adına “El gücü ” Humanitar Assoasiyasının təsis etdiyi “Qızıl Döş” nişanına, Azərbaycan Milli Mədəniyyətin Təbliği Mərkəzinin “Uğur” və “Qızıl qələm” mükafatına layiq görülüb. Eyni zamanda o, 2006-cı ildə Beynəlxalq “Vektor” Elm Mərkəzi tərəfindən Xudu Məmədov adına mükafatla təltif edilib. Böyük bəstəkarımız Vasif Adıgözəlovun “Çanaqqala” arotoriyasının mətn müəlliflərindən biridir. Birinci müəllif böyük türk şairi Mehmet Ərsoydur. Ənvər Əhməd Prezident təqaüdçüsüdür, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin rəhbəridir.

            Əsərləri:

1 “Nəslimiz”. B., “Gənclik”, 1988, 52 s. 6000 nüsxə.

2.“Anamın izləri”. B., “Azərnəşr”, 1974, 65 s. 5000 nüsxə.

3. “M.Ə.Sabirin poetikası”. 1988, B., “Bilik”, 70 s. 5000 nüsxə.

4. “Sevgi yurdu”. B., “Gənclik”, 1979, 5000 nüsxə.

5. “Söz cavan qalır”. B., “Yazıçı”, 1982, 79 s. 5000 nüsxə.

6.”Oğullar, qartallar”. B., “Gənclik”, 1985, 100 s. 5000 nüsxə.

7. “Sağlıq olsun”. B., “Yazıçı”, 1987, 133 s. 5000 nüsxə.

8. “Kəfənim qandan biçilər”. B., “Qorqud” 1995. 104 s, 500 nüsxə.

9. “M.Ə.Sabir və klassik şərq poetikası”. B., “Azərnəşr”, 1996, 84s.200 nüsxə.

10.”Qanlı torpaq”. B., “Qorqud” 1998, 359 səh, 1000 nüsxə.

11. “Bu qılınc qınında pas ata bilməz”.B., “Yazıçı”, 2000, 281 səh. 6000 nüsxə.

12. “Dünya əlimdən sürüşür” .B., “Qarabağ”, 2007, 529 səh. 5000 nüsxə.

13. “Salam, ay anası ölmüş oğullar”.2008,B., “Vektor”, 235 s. 500 nüsxə.

14.”Həsən Küskün köç eylədi dünyadan”. B., “Yazıçı” 2009, 206 səh. 500 nüs.

15. “Mənim dediklərim və mənə deyilənlər”.B., “Şəms” 2009, 560 səh. 1000 nüs.

Aranqazeti.az müəllifin bir şeirini sizlərə təqdim edir

AZƏRBAYCAN

Baş qoyaraq dizin üstə tarix boyu can vermişik,

Qətrə-qətrə doğranmışıq, Araz-Araz qan vermişik.

Sızlayanda ürəyimiz ağ günə güman vermişik,

Qaldırmasın haqq səsini, birlik, vüsal Azərbaycan!

Meydan-meydan ucalırsan, ucal, ucal, Azərbaycan!

Bu nə candır gəzdiririk, baş o yanda, bədən burda?

Namərdə bax, göz dikibdi dahiləri doğan yurda,

Dövran yaman dövr eyləyir, tülkü meydan sular qurda

Başın üstə tufan gəzir, məğrur dayan, Azərbaycan!

Şəhriyarın haraylayır, “oyan, oyan”, Azərbaycan!

Həyat bizi nə zamandır səbrimizdən çəkir dara,

Qövr eyləyir bağrımızın başındakı köhnə yara,

 Zaman dönük, düşmən xəbis, dərd bütövdü, Vətən-para,

Əsrlərlə Təbrizimə düşmür yolum, Azərbaycan!

O tayına, bu tayına qurban olum, Azərbaycan!

Həqiqəti görən gözlər göz-görəti tökülməsin,

Qana-qana, bilə-bilə qanmaza diz çökülməsin.

Kəlisalar qızıllanıb, məscidimiz sökülməsin,

Qoyma qala ulu yurdun Göyçə viran, Azərbaycan!

Öz oğluna, öz qızına qalıb güman, Azərbaycan!

Köksümüzdə dəfn etmişik haqq adlanan sözümüzü,

Qor altında basdırmışıq günəş boyda közümüzü.

Çox çətin ki, bundan belə inkar edək özümüzü.

Aramızda yad yox daha, biz bir canıq, Azərbaycan!

Qeyrət günü bu torpaqda can qoyanıq, Azərbaycan!

Zəli kimi nəyin varsa sorub-sorub apardılar,

Babalardan nəvələrə güman üçün nəyin qalar?

Tərlanların mürgü döydü, başın üstə dolandı sar!

Zal babamın nəri kimi buxovlandın, Azərbaycanl!

Od yurdusan, öz odunda özün yandın, Azərbaycan!

Qılınc çalıb toplar kəsən Şah İsmayıl niyə yatıb,

Qolumuzu arxamızda zalım oğlu yaman çatıb.

Bəsdir daha, vaxt yetişib, xalq oyanıb, zaman çatıb,

Hanı bizim qeyrətimiz, qüdrətimiz, Azərbaycan!

Hanı bizim milyon illik sərvətimiz, Azərbaycan!

Prometey tək zəncirlənib gör düşmüsən sən nə kökə,

Yaramızın üstündəki dirəkləri sökə-sökə,

İgidlərin hazırdır ki, qılınc vura, nərə çəkə,

Qucaqlayıb ayağını hər dəqiqə verərəm can!

Can vermisən, qan vermisən ruhumuza, Azərbaycan!

Dəmir çarıq geyinmişik, od yağıbdır başımıza,

Gədə-güdə şər atmasın tarix boyu yaşımıza!

Bu ayrılıq yüz illərdi zəhər qatır aşımıza,

Dərdlərimiz hamilədir, qeyrət doğar Azərbaycan!

Bu dünyanın gözlərindən heyrət doğar Azərbaycan!

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər