Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağcabədi rayonunda antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə reydlər keçirilib.
Reyd zamanı Ağcabədi şəhərində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, qeyri-qanuni heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək üçün icrası məcburi göstərişlər verilib.