Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir

            Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Regionda yeni reallığın yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

            Ölkələrimiz arasında olan isti və sıx münasibət hər iki tərəfin iqtisadiyyatının daha da güclənməsinə təkan verir. Bununla bağlı Ağcabədi rayon sakinlərinin də fikirlərini öyrənmək istədik. Şahsevən Təzəkənd kənd sakini Eldəniz Qədirov söhbət zamanı bildirdi ki, Azərbaycan və Türkiyə qədim tarixə malik olduqları kimi, əlaqələrimiz və münasibətlərimiz də çox qədim zamanlardan başlayır. Hər iki xalq Oğuz övladı olduğundan bizi bir-birimizə qırılmaz tellər bağlayır. Və biz nə qədər yaxın olsaq, bir o qədər də güclü oluruq. Əbəs yerə demirlər ki, güc birlikdədir. Bu birlik dəmir yumruq kimi həmişə düşmənlərimizi qorxudacaq, lərzəyə salacaqdır. Əlbəttə ki, yaxın münasibətlərimiz hər sahədə olduğu kimi, iqtisadi əlaqələrdə də əyani şəkildə davam edəcəkdir. Hər iki ölkənin iqtisadiyyatı güclənəcək. Əhalinin yaşayış tərzi, firavan həyatı hamını sevindirəcəkdir. Qoy həmişə Allah türkə yar olsun.

            Daha bir həmsöhbətimiz – Ağcabədi şəhər sakini Ramil Məmmədov ixtisasca iqtisadiyyatçıdır. O, öz fikrini bizimlə bölüşərkən qeyd etdi ki, belə ifadə etdi. Ulu öndər Heydər Əliyev olduqca dərin məna daşıyan və hər iki xalqın bir yerdə inkişafından xəbər verən müdrik sözlər söyləmişdir. Ümummilli lider demişdir ki, “Biz bir millət, iki dövlətik”. Bu fikirdə hər şey var. Ayrılmaz birlik, güc, qardaşlıq və qırılmaz, tellərlə bir-birinə bağlılıq. Bu birlik nəticəsində biz 2020-ci ildə 44 gün sürən Vətən müharibəsində düşmənə qalib gəldik. Bütün dünya bizim necə yaxın və doğma olduğumuzun bir daha şahidi oldu. Bu da onları həmişə qıcıqlandırır. Amma biz o qədər yaxınıq ki, bir kimsə aramıza heç zaman girə bilməz. İndi müharibədən sonra Türkiyə qardaş ölkə olaraq həmişəki kimi yenə yanımızdadır. Bu da birlikdə çətin sınaqdan şərəflə çıxmağımıza kömək edəcəkdir. Biz birlikdə şəhərlər salacaq, yollar çəkəcək, hərtərəfli yaxın əlaqələrə sahib olacağıq. Zəngəzurun Naxçıvana birləşməsi, bizim Türkiyə ilə birləşməyimiz deməkdir. Bu, hər iki  ölkənin iqtisadiyyatında möhtəşəm irəliləyişlər edəcəkdir. Hər iki ölkənin milli iqtisadiyyatı önəmli inkişaf mərhələsindən keçəcək. İqtisadiyyatın inkişafı da, sözsüz bütün sahələrdə öz müsbət təsirini göstərəcəkdir. Türkiyə ilə əməkdaşlığımız nə qədər sıx və davamlı olsa, iqtisadiyyatımız da bir o qədər güclü inkişaf edər.

            Ağır müharibədən şərəflə qalib çıxan Azərbaycan gündən-günə çox böyük addımlarla irəliyə, inkişafa doğru addımlayır. Sözsüz, qonşu, qardaş Türkiyə ilə həmişə bir yerdə olmağımız inkişafın daha yeni səhifəsini açaraq, iqtisadiyyatımızın sürətlə irəliləməsinə təkan verəcəkdir.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər