Bir qrup jurnalist Tərtərin Suqovuşan kəndinə aparılıb. Media nümayəndələrinə burada yerləşən eyniadlı Suqovuşan su anbarında aparılan təmir və bərpa işləri ilə bağlı geniş məlumat verilib.
Qurumun sədr müavini Rafiq Aslanov görülən işlər barəsində bunları söyləyib:
“Torpaqlarımız işğaldan azad olunduqdan sonra “Meliorasiya və Su Təsərrüfatı” qurumunun əməkdaşları bütün bu ərazilərə ezam olundular. Bundan sonra ərazilərdə ilkin qiymətləndirmələr aparıldı.
Qeyd edim ki, ilk növbədə hər tərəf minalardan təmizlənməlidir. Artıq qısa müddət ərzində Suqovuşan su anbarının ərazisi minalardan təmizlənib. Minatəmizləmə işləri nəticəsində 700-dən çox piyada əleyhinə minalar və partlamamış sursatlar məhv edilib.
Suqovuşan su anbarı vasitəsilə işğaldan azad edilən ərazilərin əkin sahələri suvarılıb. Belə ki, Ağdam rayonunda 300 hektar ərazisinin, həmçinin Füzuli rayonunun əkin sahələri suvarılıb. Ümumiyyətlə, bütün respublikada 1 milyon 400 mindən yuxarı suvarılan sahələr mövcuddur. Ölkə ərazisində suvarmanın mütəşəkkil aparılması üçün işğaldan azad olunan ərazilərin su infrastrukturunun təmir və bərpasına ehtiyac var idi”.
Sədr müavini bildirib ki, təkcə Suqovuşan su anbarı kompleksinin altında 96 min hektar ərazi var:
“Biz onun işğala qədər 36 min hektarının suvarılmasını bu kompleks vasitələ həyata keçirirdik. Suqovuşan su anbarı işğaldan azad olunandan sonra biz çalışırdıq ki, buradakı sudan qənaətlə və səmərəli istifadə edək. Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy əraziləri bu kompleks vasitəsilə suvarılır.
Hazırda bu kompleksdə təmir işlərinə başlanıb. Bu ilin sonuna qədər təmir işlərini yekunlaşdırmağa çalışacağıq. Təmir prosesi 3 mərhələyə bölünüb. Birinci mərhələdə bu kompleksin özü və ondan ayrılan5.2 kilometr magistral kanalı, ikinci mərhələdə Tərtər çay sol sahili magistral kanalının 22 kilometri, üçüncüdə isə Tərtər çay sağ magistral kanalının 70 kilometrinin bərpası nəzərdə tutulur.
Tərtər çayının sol sahili magistral kanalının bərpası işlərinə başlanılıb və bu ilin sonuna qədər layihə işləri sona çatdırılacaq. Bu bitəndən sonra yenidən qısa müddətdə tender elan edərək Tərtər sol sahili magistral kanalının bərpasını həyata keçirəcəyik. Bu magistral kanalının su buraxma qabiliyyəti saniyədə 50 kubmetrdir, uzunluğu isə 70 kilometrə yaxındır. Bunun da 5 kilometri Tərtərin, 20 kilometri Ağdərənin, 44 kilometri isə Ağdamın ərazisinə düşür”.
Qurumun əməkdaşı, baş mühəndis Mehman Kərimov isə Musavat.com-a açıqlamasında bildirib ki, bir müddət bundan əvvəl artıq su anbarının sağ sahil magistral kanalına su verilib, 30 illik işğal dövründə dağıdılan sol sahil magistral kanalı üzərində isə bərpa işlərinə başlanılıb:
“Hazırda Suqovuşan su anbarının üzərində olan suqaldırıcı qurğuların təmir və bərpa işləri aparılır. Həmin işlərə podratçı təşkilatın vasitəsi ilə başlanıb.
Sərt su qapıları uzun illər idi ki, dağıdılmışdı. Bir müddət əvvəl artıq həmin qapını bərpa etmişik. Həmçinin sağ sahil magistral kanalına 20 kubdan artıq su verilib. Gələcəkdə bu işlər davam etdiriləcək.
Ən son məqsədimiz isə ondan ibarətdir ki, Qarabağ massivində 96217 hektar əkin sahəsini Tərtərçay çayının suyu ilə təmin edək. İnanırıq ki, yaxın vaxtlarda bu məqsədimizə də çatacağıq”.
Xalidə Gəray,
Alim Liftiyev,