Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri sarsılmazdır

            Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixi çox qədimdir. Bu əlaqələr XX əsrin əvvəllərində daha da genişlənib. SSRİ dağıldıqdan, müstəqilliyimiz bərpa olunduqdan sonra bu sahədə daha ciddi addımlar atılıb.

            Təsadüfi deyildir ki, bu gün qardaş Türkiyə bütün dünya dövlətləri arasında Azərbaycana ən böyük dəstək verən ölkə hesab olunur. Dünya arenalarında, beynəlxalq məsələlərin həllində Azərbaycan da həmişə Türkiyə ilə birlikdədir.

            Azərbaycan–Türkiyə əlaqələri ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə daha da möhkəmlənib. Ulu öndərin aforizmə çevrilmiş məşhur “bir millət, iki dövlət” ifadəsinə əsaslanaraq imzalanmış çoxsaylı müqavilələr, sənədlər yaranmış mühüm siyasi, iqtisadi əlaqələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmazlığını nümayiş etdirib.

            Böyük geosiyasi və geoiqtisadi potensiala malik hər iki ölkənin əməkdaşlığı bütövlükdə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsində, iqtisadi inkişafında önəmli əhəmiyyət kəsb edib.

            Azərbaycan-Türkiyə əlqələrinin daha da güclənməsi dövlətimizin başçısı İlham Əliyevin ardıcıl məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu sahədə böyük xidmətləri vardır. Azərbaycan və Türkiyə ilə əlaqə təkcə coğrafi yaxınlıq deyil. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradıb. Hər iki dövlət rəhbərlərinin həyata keçirdikləri siyasət nəticəsində bu əlaqələr dayanmadan inkişaf edir, yüksək səmərəsini verir. Artıq Azərbaycan-Türkiyə əlaqələri yeni bir mərhələyə qədəm qoyub.

            Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə dəstək olan ölkələr yoxdur. Bu gün Azərbaycanla Türkiyəni möhkəm tellərlə bağlayan geniş strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı – Tbilisi- Qars dəmiryolu xəttinin reallığa iki qardaş dövlət arasında əlaqələrdə misilsiz rol oynayır.

            Azərbaycan-Türkiyə əlaqələri əslində, bütün türk dünyası üçün xüsusi önəm daşıyır, türkdilli dövlətlərin qarşılıqlı münasibətlərinin inkişafında böyük təsir gücünə malikdir. Bu əlaqələri, əslində, bütün türk dünyası üçün xüsusi önəm daşıyır, türkdilli dövlətlərin qarşılıqlı münasibətlərinin inkişafında böyük təsir gücünə malikdir.

            Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP və TAP birgə layihələrini uğurla reallaşdırır. Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin olunmasına yönəlib.

            Qars-Naxçıvan tikintisinə dair Anlaşma Memorandumun imzalanması da Azərbaycan -Türkiyə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan hesab olunur.

            44 günlük Vətən müharibəsi dövründə Türkiyə hər zaman Azərbaycanın yanında olub. Türkiyənin göstərdiyi böyük dəstək, qardaş ölkə rəhbərlərinin bəyənatları, siyasi addımları torpaqlarımızın erməni işğalından azad olunmasında, parlaq Qələbənin qazanılmasına güc və qüvvət verib. Müharibə dövründə göstərilən dəstək Azərbaycan-Türkiyə əlaqələrinin möhtəşəmliyini təzahür etdirir.

            Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə bağlı dostluq və qardaşlıq əlaqələri yüksək səviyyədə davam etdirilir. Zəngəzur dəhlizinin açılması da şübhəsiz iki dövlət arasında əlaqələrin coğrafiyasının genişlənməsində mühüm hadisəyə çeviriləcək.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər