Türkiyə həmişə Azərbaycanın yanında olmuş, ona arxa durmuşdur. Bu da təsadüfi deyil. Eyni soya, kökə, mədəniyyətə, milli dəyərlərə söykənən bu iki xalqın əsrlərdən bəri dərdi, sevinci həmişə bir yerdə olmuşdur. Sovet dönəmində Kreml bu münasibətlərin yaxınlaşmasının hər vasitə ilə qarşısını almış, bu iki qardaş xalqın sıx birlikdə olmasının əleyhinə çıxmışdır. Amma SSRİ dağılandan dərhal sonra ümummilli lider, türk dünyasının böyük oğlu Heydər Əliyevin söylədiyi müdrik “Bir millət, iki dövlət” kəlamı həyatda öz əksini tapmışdır. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlər arası səviyyədə olduğu kimi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
“Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” şüarı işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında özünü bir daha təsdiqlədi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları tərəfindən öz təsdiqini tapdı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” kəlamının müdrikliyi özünü bir daha göstərdi. Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmasının müjdəçisidir.
“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” – deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyətini Ankarada qəbul edərkən söyləmişdir ki, Türkiyə-Azərbaycan əlaqələrinin hazırki mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolu yüksəkdir. Bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhvələr verəcəyinə əmin olduğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan hər iki tərəfdən hakim partiyaların fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini xüsusi ilə vurğulamışdır.
YAP və AKP sədrlərinin dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirliməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyasının yaradılmasına təkan verəcəkdir. Və bu hərtərəfli əməkdaşlıq xalqlarımızın inamlı gələcəyinə xidmət edən əsas amil olduğu öz təzahürünü tapacaqdır.
Qeyd edim ki, bu günlərdə Türkiyənin Uşaq Oyunları və İdman Klubları
Federasiyasının “YAŞAT” Fondu ilə birgə həyata keçirdiyi “Hədiyyə Karvanı”
Ağcabədi rayonunda oldu. Layihə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin,
Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər
Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılır və iyun ayının 13-dək davam edəcəkdir.
Layihə əsasında ölkəmizin müxtəlif şəhər və rayonlarından olan şəhid ailələrinin
ziyarət olunması, onların övladlarına hədiyyələr paylanılmaqla həm də mənəvi
dəstək verilməsi bu qardaşlığın, dostluğun, birliyin bariz nümunəsidir.
Adil MİSİRLİ