ÜST Azərbaycanda yeni layihənin icrasına başlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonunda “Sağlamlıq xəmsəsi” layihəsinin icrasına başlayıb.

APA-nın xəbərinə görə, layihənin icrasına bu gün Bərdə rayonunda start verilib. Bununla bağlı Bərdə Diqanostika Mərkəzində keçirilən tədbirdə ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib.

Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər regionlarını əhatə edən “Sağlamlıq xəmsəsi” layihəsinin məqsədi, təxminən 650.000 əhalisi olan bir bölgədə silahlı qarşıdurma və COVID 19-un təsirini səhiyyənin üzərində minimuma endirmək və psixo-sosial dəstək verməkdir.

Layihə yerli işçi qüvvəsinin səhiyyə xidmətinin stabilləşdirilməsi səylərinin gücləndirilməsini hədəfləyir. Layihənin əsas məqsədləri ucqar bölgələrdə və təmas xəttində səhiyyə xidmətlərinə əlçatanlığın təkmilləşdirilməsi, 3 psixoloq və tibbi səyyar qrupları cəlb edərək psixi sağlamlıqla bağlı çətinlik yaşayan insanlara psixi sağlamlıq və psixo-sosial dəstək vermək, Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Füzulinin seçilmiş 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsi ilə zəruri səhiyyə xidmətləri göstərmək və ÜST-nin psixi sağlamlıq üzrə protokollarının və təlimatlarının tərcüməsini təşkil etməkdir.

Layihə çərçivəsində sözügedən 5 rayona 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi paylanacaq.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər