5.4 C
Aghjabadi
Bazar ertəsi, Dekabr 6, 2021

Aran iqtisadi rayonunun ekoloji problemləri

Bu problemlərin həlli fermerlərin imkanları daxilində deyil

Azərbaycan ərazisinin münbit torpaqlarının əsas hissəsini öz əhatəsinə alan iqtisadi rayonlardan biri də Aran iqtisadi rayonudur. Rayon ölkənin mərkəzi düzənliklərində qərarlaşıb, relyefi əsasən düzənlik və kiçik yaylalardan, bəzi hallarda məhəlli çökəkliklərdən ibarətdir. Rayon respublika əhəmiyyətli Mingəçevir, Şirvan və Yevlax şəhərlərini, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar və Zərdab inzibati rayonlarını özündə birləşdirir.

Aran iqtisadi rayonu əsasən Kür-Araz ovalığında yerləşir, əlverişli iqtisadi-coğrafi mövqeyi ilə xarakterikdir. Kür-Araz ovalığı ərazisinin mərkəzi və şərq hissələri okean səviyyəsindən aşağıda yerləşsə də, ovalığın səthi hamar relyefə malikdir. Rayonu əhatə edən dağlara yaxın ərazilərdə düzənliyin səthi dağlara doğru meylli, bəzi yerlərdə isə təpəlikdir. Arana yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir. Rayonun sahəsi 21,43 min kv.km olmaqla ölkə ərazisinin 24,7%-ni təşkil edir. Ərazidə yaşayan əhalinin sayı 1863,5 min nəfər, o cümlədən şəhər əhalisinin sayı 708,3 min nəfərə çatır. Ölkə əhalisinin 20,2%-i burada yaşayır. Aran iqtisadi rayonunun ən böyük çayı olan Kür çayının sahillərində Tuğay meşələri mövcuddır. Rayonun əsas yeraltı sərvətlərinə neft, təbii qaz, yodlu-bromlu mədən suları, müxtəlif tikinti materialları (əhəngdaşı, qum-çınqıl) aiddir. Yuxarıda sadalanan ehtiyatlar, əsasən rayonun mərkəzi və şərq hissəsində yerləşir. Bu iqtisadi rayon həm də inkişaf etmiş sənaye sahələrinə malikdir. Sənaye potensialının əsas hissəsi şərqdə yerləşən Şirvan, Salyan və Neftçala şəhərlərində, eləcə də şimal-qərbdə olan Mingəçevir və Yevlax şəhərlərində mərkəzləşib.

Aran iqtisadi rayonunun ən böyük landşaftları Mil, Muğan və Şirvan düzənlikləridir. Mil düzü Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edir.

Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur.

Şirvan düzü Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşir. Şirvan düzündə Şirvan, Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, Zərdab rayonları yerləşir.

Azərbaycanın Aran iqtisadi rayonu, həm də Aran zonası kimi tanınır. Beləliklə, Aran zonasının ətraf mühit problemləri düzənlik, çökəklik və yayla xarakterli problemlərdir. İqtisadi rayonun əhatə etdiyi ərazilərin ən böyük problemi müxtəlif xarakterli torpaq deqradasiyasıdır. Torpaq deqradasiyası həm şoranlaşma və şorəkətləşmə üzündən, həm müxtəlif tipli eroziya səbəbindən, həm də, su qıtlığına görə quraqlıqdan səhralaşma ilə xarakterikdir.

Əvvəlcə onu qeyd edək ki, şoranlaşma problemi Aran zonasında heç də əsasən antropogen təsirlər nəticəsində ortaya çıxmayıb. Bu zonanın torpaqlarının strukturu şoranlaşmaya meyillidir. Buna səbəb ərazidə qrunt suları səviyyəsinin torpağın münbit üst qatına yaxın olmasıdır. Aran zonasının elə yerləri var ki, bir neçə saat davam edən yağışdan dərhal sonra qrunt sularının səviyyəsi torpağın üst qatına qədər qalxaraq səthi tamamilə örtə bilir. Aran zonasında hazırda ən çox şorlaşma torpaqlara malik olan inzibati rayonlar Kürdəmir, Zərdab, Ucar və Hacıqabuldur. Lakin Aran zonasına daxil olan digər rayonlarda da şoranlaşma problemi var. Ötən əsrin 50-ci illərində sovetlər birliyinin həyata keçirdiyi genişmiqyaslı işlər nəticəsində Aran zonasında torpaq sahələrini şoranlaşmadan təmizləmək və münbitləşdirmək mümkün olmuşdu. Həmin dövrdə Aran iqtisadi rayonuna daxil olan ərazilərdə min kilometrlərlə uzunluğa malik drenaj şəbəkəsi formalaşdırılmışdı. Sözügedən drenaj şəbəkəsi hazırda da qalmaqdadır. Sadəcə olaraq, müstəqillik dönəmində bu drenaj şəbəkəsinin vaxtaşırı təmizlənməsi gecikdirildi və nəticədə on min hektarlarla münbit torpaqlar yenidən şoranlaşmağa başladı. Lakin 2000-ci illərin əvvəllərində yenidən drenaj şəbəkələrinin lilinin təmizlənməsinə start verildi və kütləvi olaraq direnaj şəbəkələri təmizləndi. Bununla da şoranlaşmağa başlayan ərazilərdə torpaqlar xilas edildi, əvvəlki məhsuldarlığın bərpasına nail olundu. Ancaq bir qisim torpaq sahələrində əvvəlki məhsuldarlığı bərpa etmək mümkün olmadı. Çünki uzun müddət şoran qalan torpağın tərkibi həm də kimyəvi şoranlaşmaya məruz qalmışdı. Belə hallarda torpaqlarda drenaj şəbəkəsi vasitəsi ilə qrunt sularının səviyyəsini aşağı salmaq kifayət etmir, əlavə aqrotexniki tədbirlərin həyata keçrilməsinə ehtiyac yaranır. Məsələn, kimyəvi şoranlaşmaya məruz qalan torpaqlarda qrunt sularının səviyyəsi aşağı salındıqdan sonra torpaqlar şorluğu olmayan suvarma suyu ilə bir neçə dəfə selləmə suvarma vasitəsi ilə yuyulmalı, torpağın üst qatına narın üyüdülmüş gips qarışdırılmalıdır. Bunun ardınca torpaq ya bir il herikə (dincə) qoyulduqdan sonra üç il ardıcıllıqla arpa, çovdar və vələmir altına verilməli, ya da bu torpaqlarda dörd il sadaladığımız dənli bitkilər becərilməlidir. Dənli bitkilərin becərilməsi zamanı isə torpaq orqanik gübrələrlə (əsasən yanmış peyinlə) yemlənməlidir. Ölkəmizdə isə şoranlaşmaya qarşı mübarizənin yalnız drenaj şəbəkələri vasitəsi ilə mübarizəsinə üstünlük verilir ki, bu da kifayət etmir. Drenaj üsulu ilə yalnız yeni şoranlaşan və şorakətləşən əraziləri xilas etmək olur ki, bu şoranlaşmış ərazilərin 60 faizə qədərini əhatə edir. 1990-cı illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinə qədərki on il ərzində şoranlaşma səbəbi ilə itirilən torpaqların 40 faizdən çoxunu münbitləşdirmək mümkün olmadı, həmin torpaqların əsas hissəsi bataqlıqlara çevrildi. Halbuki həmin torpaqlar sovetlər dönəmində yüksək məhsuldarlıqlı torpaqlar sırasında olub. Bu torpaq sahələrini yenidən münbitləşdirmək üçün bir neçə il ərzində ardıcıl iş aparmaq lazımdır. Bu işlər fermerlərin imkanları daxilində olmadığından, o yük yenə dövlətin boynuna düşür.

Bunda əlavə, Aran zonasının xarakterik problemlərindən biri də külək eroziyasıdır ki, vaxtı ilə bu problemə qarşı mübarizə aparmaq məqsədi ilə əkin tarlalarının kənarına qoruyucu meşə zolaqları salınıb. Meşə zolaqlarını salınması birincisi, Aran zonasında illərlə zəhmət tələb edir, ikincisi isə bu zonada ağaclar iqlim şəraitinə görə tez qocalaraq, sıradan çıxır. Ona görə də tarla kənarlarında qoruyucu meşə zolaqlarının sahəsi ilbəil genişləndirilməli, eyni zamanda köhnə meşə zolaqlarında bərpa işi aparılmalı, qocalaraq sıradan çıxmış ağaclar çıxdaş edilməli, yerinə yeni, şəraitə daha davamlı növlərdən olan tinglər əkilməlidir. Müşahidələr isə onu deməyə əsas verir ki, nə fermerlər qoruyucu meşə zolaqlarının əhəmiyyətini anlamır, nə də dövlət qrumları buna ciddi nəzarət etmir. Məhz bu səbəbdən də Aran iqtisadi zonasında əkin tarlalarının kənarlarında salınmış qoruyucu meşə zolaqlarının əksər hissəsi sıradan çıxıb. Fermerlər həmin ərazilər hesabına öz tarlalarını genişləndiriblər. Halbuki, meşə zolağı daha çox ona bitişik sahələri qoruyur, buna görə də həmin meşə zolağının qayğısına da fermerlər qalmalıdırlar. Amma çox təəssüflər olsun ki, biz bunun əksini müşahidə edirik. Belə ki, meşə zolağının sıradan çıxarılmasında fermerlər daha çox maraqlı olurlar və onlar bunun hesabına öz əkin sahələrini genişləndirirlər. Bu da keyfiyyətsiz maarifləndirmə işi ilə bağlıdır, belə ki, fermer qoruyucu meşə zolağının funksiyasını və əhəmiyyətini başa düşmür.

Aran iqtisadi rayonunun problemlərindən biri də ərazidən keçən böyük çayların daşması zamanı müşahidə edilən subasmalardır. Bu problemi önləmək məqsədi ilə Kür və Araz çaylarının çay yatağı möhkəmləndirilməli, lazım olan ərazilərdə isə çayın axarları lildən təmizlənməlidir. Lillənmə əsasən Kür və Araz çaylarının birləşərək Xəzər dənizinə tökülən hissəsində müşahidə edilir. Lakin subasmalar İmişli, Zərdab, Salyan, Saatlı və Sabirabad rayonlarının ərazisində də qeydə alınır. Bir neçə il əvvəl Araz çayının aşağı axarlarında baş verən daşqın bir neçə kəndi yuyub aparmışdı. Bu problemin mütəmadi olaraq baş verməməsi üçün hökumətin müvafiq qrumları tərəfindən önləyici tədbirlər davamlı şəkildə aparılmalıdır. Hazırda ən böyük problem Kür çayının deltasındadır – burada lillənmiş ərazidən lilin təmizlənməsi işini yalnız bir lilsoran tanker həyata keçirir ki, o da işin öhtəsindən tam həcmdə gələ bilmir.

Aran iqtisadi rayonunun digər köklü ətraf mühit problemi su çatışmazlığı ilə bağlıdır. Kür və Araz çaylarının aşağı axarlarında ərazinin suvarılması üçün suvarma suyu çatışmır. Ona görə də hər il on hektarlarla ərazidə qızmar günəş bitki örtüyünü məhv edərək səhralaşmaya yol açır. Artıq Araz çayı üzərində 1,6 milyon kubmetr su tutumuna malik Xudafərin, ondan 13 km aşağıda isə 62 min kubmetrlik “Qız qalası” su anbarları inşaa edilib. Bu anqbarların idarə edilməsindən asılı olaraq, çayın aşağı axarlarında su qıtlığı da, su bolluğu da yaratmaq mümkündür. Anbarlar səmərəli idarə edilsə, onlar yalnız qış aylarında doldurular, isti aylarda isə həm anbar səviyyəsi üçün digər sututarların suvarılmasına su ayrılar, həm də su qıt olan vaxtı çayın aşağı axarları üçün anbardan çaya əlavə su həcmləri buraxıla bilər. Bütün bunlar anbarlar tikilənə qədər layihə çərçivəsində hesablanmalı və İran İslam Respublikası ilə razılaşdırılmalı idi. Artıq biz bu il şahidi ola biləcəyik ki, iki anbarın idarəedilməsi Azərbaycan üçün nə dərəcədə səmərəlidir – bu anbarlar Aran zonasında su qıtlığına aradan qaldıracaq, yoxsa qıtlığı bir qədər də kəskinləşdirəcək?

Aran zonasının digər ətraf mühit problemləri barədə gələn yazılarımızdı da söhbət açacağıq.

“Paralel”in
Araşdırma Qrupu

Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Xəbər lenti

BƏNÖVŞƏYİ EŞQİM (İkinci hissə)

Artıq digər saytlarda da şeirlərim oxuculara təqdim olunurdu.Hər dəfə çəkinə-çəkinə göndərdiyim şeirlər işıq üzü  gördükcə bir az ürəklənirdim. Çünki,oxucuların fikirləri də əvvəlkilərdən fərqlənirdi....

“Əbədiyaşar” adlı müsabiqə

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərdə fəaliyyət göstərən “Gənc Heydərçilər”...

Atletika üzrə rayon turniri keçirilib

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “1 Dekabr–QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə...

Müasir Azərbaycanın memarı və qurucusu

Dekabrın 3-də Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə,...

Vaksinasiya tədbirləri

Rayonumuzda koronavirusa qarşı mübarizə vasitəsi olan vaksinasiya kompaniyası müntəzəm olaraq davam etdirilir. Pandemiya əleyhinə görülmüş tədbirlər nəticəsində rayon sakinlərinin böyük əksəriyyəti peyvənd...

Rayonda pambıq yığımı davam edir

            Qəzetimizin əvvəlki saylarında da məlumat verdiyimiz kimi Ağcabədidə cari ildə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki  qaydalara ardıcıl...

Ağcabədi və ətraf rayonlarda aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi...

Təlim kursu keçirilib

Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə növbəti təlim kursu Ağcabədidə keçirildi. “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT)...

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.“Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına...

“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.

   BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr"Əlilliyi olan insanların Beynəlxalq günü"nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq,cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.

Şərhlər