Hərdən ədəbiyyat haqqında fikirlərə qərq oluram. Ədəbiyyatın məğzini, nəyə qulluq etdiyini anlamağa çalışıram. Və, nəticədə bir daha ədəbiyyatın xalq üçün mənəvi dəyər olduğuna əmin oluram.
Ədəbiyyatın xalqın taleyində tutduğu yer əvəzsizdir. Çünki həyatda bir çox amili başqası ilə dəyişmək, əvəz etmək olur. Təkcə ədəbiyyatdan başqa. Əsl ədəbiyyat isə daima heç bir quruluş və təzyiqə boyun əyməyib, dilini daşıdığı xalqa xidmət edir. Xalqın ağrı-acısını, dərdini, taleyini, qayğılarını özündə əks etdirən ədəbiyyat həmişə azad və sərbəst olur. Heç bir güclü axın ədəbiyyatı öz məhvərindən çıxara bilməz. Əgər əsl sənətkar qələminin məhsuludursa…
Şairlik təkcə Tanrı tərəfindən bəxş edilən qeyri-adilik deyil. Şairliklə bərabər, Yaradan şairə olduqca böyük dərd, ələm, kədər, qüssə, iztirab da verir. Şair öz təbii dərdlərini unudub, xalq, millət yolunda ömrünü pərvanətək qurban verir. Şair üçün öz dərd-səri mühüm rol oynamır. Yaradıcı insan böyük müşahidə qabiliyyətinə malik olduğundan, başqalarının bilmədiklərini görür, onları yaşamağı bacarır. Şair, sanki dərd dağarcığıdır dünyada. Elə şairin düşüncəli, şüurlu, keşməkeşli ömrü, həyatı dərddən, zülümdən yoğrulmuşdur. Ona görə də şair həyata, təbiətə, dünyaya biganə qala bilmir. O, dərdi poeziya dilinə çevirməyi bacarır.
Şair bəşəri, dünyəvi sevgidən yazır. O, gözəlliyə, ülviliyə, ülfətə səsləyir insanları şeirlərində. İçini ağrılar didsə də. Şair tükənməz yaşam, həyat eşqi ilə insanları yaşamağa, dünyamızdan zövq almağa səsləyir. Şairin içi fikir, fəlsəfə ilə dolu şeirləri həyatımıza gözlə görə bilmədiyimiz yeni bir rəng qatır. Nikbinlik dolu, müqəddəs və ölməz eşqdən ilham alan və doğulan poeziya nümunələri bizləri yaşamağa, yaratmağa səsləyir. İnsan həyata niyə və nə üçün gəldiyini ülviyyət, həzinlik, ümdə hiss və duyğularla dolu şeirləri oxuyanda dünyamız da öz rəngini dəyişir. Gözəlləşir təbiətin bir parçası olan insan ömrü dünyada.
…Ömrü , həyatı, yaradıcılığı minbir dərdlə vəhdətdə olan bir şair yaşayır. Həmyerlimiz, tanınmış şair, geniş dünyagörüşə malik bir şairdir bu insan. İlahi, ömürü boyu nə qədər dərdlər çəkmiş, manelərə rast gəlmişdir bu insan. Hələ lap gəncliyindən yaradıcılığı, həyata baxışı və davranışı ilə ağsaqqal olan bu şair bu gün poeziyamızın ağsaqqal, müdrik nümayəndələrindən sayılır.
Haqqında danışdığımız şair Ənvər Əhməd (Əhmədov Ənvər Misir oğlu) 1943-cü ildə rayonumuzun ziyalılar kəndi Salmanbəylidə dünyaya göz açıb. O, Ağcabədi şəhər 5 saylı orta məktəbində təhsil alandan sonra 1961-ci ildə Bakı Statistika Texnikumunu bitirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini başa vurmuşdur. … “M.Ə. Şakirin poetikası” mövzusunda dissertasiya müdafiə etmişdir (1982). Sonralar AMEA-nın Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Ənvər Əhmədin “Dağ və mən” adlı ilk şeiri 1962-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunmuşdur. O, rayonumuzun Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961-1962). Sonra Ağcabədi rayon “Sürət” ( indiki “Aran”) qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968-1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976-1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi fililalının direktoru (2000-2002) olmuşdur. Sonra iş yeri Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri olub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədridir (1991). Bədii tərcümə ilə ciddi məşğul olur.
Şair Ənvər Əhməd 28 şeir kitabının müəllifidir. Qarabağ haqqında 3 mənzum dram əsəri yazmışdır. 10 poemanın müəllifi olan şair 670-dən çox elmi-publisistik məqalə yazmışdır.Məhsuldar və gərgin yaradıcılıqla məşğul olan şair “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 22 yaşında yazdığı “Kökələr” şeiri ilə Ənvər Əhməd Azərbaycan poeziyasına öz səsi, nəfəsi olan şairin qədəm qoyduğunu təsiqləyib:
…
Yenə mənim könlümə
Kökə düşüb, ay ana,
Kökə bişir balana.
Əllərinin ətrini
Kökələrdən duyum mən…
Dağın qarında, yağışında, təbiətin olduqca əlverişsiz bir havasında ana balalarına kökə bişirir. Və bu kökələrə soyuq, sazaqlı hava yaxın düşə bilmir. Balalarını sevən, onların qayğısına ürəkdən qalan bir qadının, Ananın əllərinin, barmaqlarının doğma, isti ətri hopur kökələrə. Müqəddəs ananın övladlarına olan sonsuz sevgisini xəmirə qatıb bişirərək onlara verməsi unudulmaz, ömür boyu yadda qalan bir hərəkətdir… Kökə təkcə ocaqda bişmir. Onu bişirən ana əlləri, ana ürəyidir. Ana balalarına olan ana sevgisini, yanğısını qəlbindən gələn tükənməz bir ana məhəbbəti ilə kökəyə qatır. Kökəni təkcə un məhsulu kimi təqdim etmir ana. Bu qida vasitəsi ana eşqi, sevgisi, övlad məhəbbəti ilə doludur. Odur ki, hələ o vaxt çox gənc olan Ənvər Əhməd poeziyanın ona məxsus olan dili ilə oxucuya bunları ustalıqla çatdırır. Elə buna görə də “Kökələr” şeiri 70-ci illərin geniş oxucu kütləsinin, ədəbiyyat həvəskarlarının dilinin əzbəri oldu.
Ənvər Əhməd çox milli, Vətən və torpağı böyük məhəbbətlə sevən şairdir. O, Xankəndində yaşayıb, işləyəndə mənfur düşmənlərimiz riyakar ermənilərin alçaqlıqlarının dəfələrlə şahidi olub. O, dostu düşməndən ustalıqla ayıra bilən çox vətənpərvər şair və vətəndaşdır. Böyük Azərbaycanın parçalanmasını ürək ağrısı ilə yanaşan şair Vətəni həmişə böyük, bütöv görmək amalındadır. O, hətta vətənin bütöv olmadığını ağlına belə gətirmir. Bu fikirləri özünə yaxın buraxmır. Şairin rəssam oğlu İlham çox gənc ikən Azərbaycanı bütöv yox, yarımçıq, yəni Təbrizsiz, Ərdəbilsiz, Urmiyasız çəkir. Böyük vətənpərvər olan şair bunu oğluna irad tutur. Oğluna həsr (müraciət) etdiyi “Yarımçıq tablo” şeirində Vətən məhəbbəti ilə alışıb yanır, içəridən qovrulur. İliyindən Vətən boyda ah, nalə, inliti, ağrı… dərd çəkir. Şair hətta tabloda belə Vətəni yarımçıq qəbul edə bilmir. Şairin içindən bütöv Vətən boyda inilti, nalə keçir. Bütöv Vətən həsrəti vətənpərvər şairi yandırıb yaxır:
…
Yaramızın üstündən
Axan lilli suları,
Tarixin bəbəyindən
Tökülən qan kimi çək.
Bu torpağı, bu yurdu
Bütöv bir can kimi çək!
Bax, Vətənə, xalqa, torpağa qırılmaz tellərlə bağlı olan vətəndaş şairin mövqeyi məhz belə olmalıdır. Xəlqi,torpaqsevər, Vətən ruhlu. Çünki şair hər şeydən öncə əsl vətəndaşdır. Vətənin ağrılarını, ağır daşını öz çiyinlərində daşıyan şair vətənpərvər olmasa, onun yazdıqları bizə yaxşı, önəmli heç bir şey aşılaya bilməz. Və torpağı, Vətəni, xalqı sevməyən şair nə qədər pafoslu şeirlər yazır yazsın, onu oxuyan tapılmaz.
Bədii söz ustası olan Ənvər Əhməd həm də güclü dram əsərləri yazmışdır. Şair-dramaturqun qələminin uğurlu, gərəkli məhsulu olan “Qanlı torpaq” pyesi buna əyani sübutdur. Qandan yoğrulmuş torpaqlarımızdan, qaysaqlanmayan yaralarımızdan çox təbii, bədii, poetik və səciyyəvi şəkildə yazılan bu pyes Ənvər Əhməd qələminin yüksək bədii dəyəri olan və oxucuda ali zövq yaradaraq, onu dərin düşüncələrə qərq edir. Düşünürsənsə, deməli yaşayırsan. Bədii sözün təsiri altında torpağın dərdinə şərik çıxır, onu ağuşuna daha bərk sıxırsan…
Artıq çoxdan ədəbiyyatımızda ustad zirvəsini fəth etmiş Ənvər müəllimlə onun evində görüşüb, xeyli dərdləşdik. Bu müdrik şairlə çox şeydən söhbət etdik. Pürrəngi çay dəsgahı zamanı olanlara, yaxın və uzaq keçmişə bir daha nəzər saldıq. Ənvər müəllimin hafizəsi lap gəncliyində olduğu kimi iti, kəsərlidir. O, heç nəyi unutmamış, 50-60 il bundan qabaq Vətənimizdə, eləcə də ədəbiyyatımızda baş verənləri bu günki kimi xatırlayır şair. Düz otuz il Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri olan Ənvər müəllim bu işin nə qədər məsuliyyətli olduğunu bir daha təsdiqlədi. Söz, sənət oylağı olan Qarabağda ədəbiyyatçılarla daim təmasda olmaq, sanki bu işin ağırlığını adama unutdurur.
Ömrünün bir neçə ilini “Sürət” qəzetində keçirən Ənvər Əhməd yenidən o isti, doğma illərə qayıtdı və nostalji hisslərini gizlədə bilmədi. İnanın ki, həqiqətən, o, illəri yenidən yaşadı. “Sizdən qəzetin doğma, yaxın qoxusunu aldım. Və o illər üçün yenidən darıxdım. O illəri bir daha yaşadım. Nə yaxşı ki, gəldiniz. Saatların necə ötüşdüyünü hiss etmədim…”, dedi.
Sonra sözlərinə yenə davam etdi. Adam gəncliyində, ömrün bu romantik və qaynar çağında həyata başqa gözlə baxır. Özü də yaradıcı, şair adam. Sənə elə gəlir ki, hər şey sənin əlindədir. Hətta istəsən, sən dünyanı belə dəyişə bilərsən. Mən qəzetdə işləyəndə, bax, bu cür hisslər keçirirdim. Yazır, pozurdum. İçəridən gələn tükənməz enerji adama rahatlıq vermir. Sənə elə gəlir ki, dünyanın taleyi sənin şair qələminin ucundadır. Və yazdığın misralar da dünyanın arzuları, xəyallarıdır. Həzin, kövrək, xəfif hisslər adama hakim kəsiləndə bir az da romantikləşirsən. Fikirlərin, düşüncələrin də pərvazlanır, poetikləşir. Təkcə səni yox, səni oxuyanları da yaşamağa, yaratmağa, dünyamızı daha dərindən anlamağa sövq edir… Şairsənsə ilk öncə vətənpərvər olmalı yaşadığın torpağı və yazdığın dili sonsuz məhəbbətlə sevməlisən. Əsl vətəndaş olmalısan. Bunsuz mümkün deyil. Ağlın, dərrakən, idrakın, şüurun, yaradıcılığın, bir sözlə bütün varlığınla xalqa xidmət etməlisən. Düzdür yaradıcı insan çox vaxt tənhalığa qaçır, mən deyərdim ki, tənhalıqdan ilham alır. Amma tənha yaşamaq mümkün deyil. Demək, şair tənha olanda da, onun fikri, düşüncəsi insanların yanında olur. Bax buna görə də şair xalq içərisində yaşamalıdır… Mən Ağcabədimizi çox sevirəm, Azərbaycanımız qədər. Harda olsam, hara getsəm Ağcabədi öz istisi ilə həmişə ürəyimin başındadır. Başqa bir yerdə xeyli qalanda, bir yerim ağrıyanda Ağcabədiyə can atıram. Bu qocalığın həzin, kövrək duyğuları deyil. Ağcabədimizin istisi də, bürküsü də dərmandır. Buranın ab-havası, təbiəti məlhəmdir məndən ötrü. Bura qədəm qoyanda ağrılarım məndən uzaq qaçır. Sağalır, cavanlaşıram. Adamın ömrü uzanır buralarda, doğma yerlərdə.
Mən yaşadıqca anlayıram ki, nə qədər çox oxusan, yazsan da adamın həmişə bilmədikləri bildiyindən çox olur. Buna qəti əminəm. Elə buna görə də ömrüm boyu oxuyur, yazıram. 20-30 il bundan qabaq özümü püxtələşmiş, tanınmış şair sansam da, bu gün görürəm ki, biz həyatda imkanlarımızın çoxunu boşa veririk. Yəni özünü çoxbilmiş sanmaq adamın mənfi cəhəti kimi qəbul edilməlidir. Bu gün yazdıqlarım, oxuduqlarım mənə 50 yaşım olanda etdiyi kimi təsir etmir. Tamamilə başqa hisslər keçirirsən. Düzdür, özünəməxsusluq, fərdilik dəyişmir. Əslində zaman heç də içəridən sənin düşüncə tərzini də dəyişə bilmir. Sən yenə özünsən. Amma fərdi baxış, özəl anlam tərəfindən baxanda görürsən ki, üzdə görünməsə, bilinməsə də, içdə, şüurda, dərrakədə müəyyən dəyişikliklərə uğrayırsan. Əbəttə əxlaq, əqidə, mənəviyyat dəyişməz olduğu kimi qalması şərti ilə. Nə bilim, bax belə-belə işlər. Yaradıcılıqdan söz gedirsə, yenə yazıram. Daha püxtələşirəm (zarafatla gülür). Hələ yazılmamış, kağıza köçürülməmiş o qədər poetik düşüncə, fikirlər var ki, gəl görəsən. Mənim fikrimcə, insan heç vaxt etdikləri ilə qənaətlənməməli, çox etməli, yazmalı, yaratmalıdır. Yəni çox işləmək lazımdır. Biz isə az çalışır, işləyirik.Belə yaramaz. İnsan ömrün soz anlarına qədər çarpışmalı, vuruşmalıdır. Bekarçılıq adamı usandırır, darıxırsan. Bekarçılıqdan yorulursan. L. Tolstoy çox gözəl vurğulayıb ki, darıxanda fikirləş, gör harda səhv etmisən. Bax siz də darıxmayın, səhv etməyin. Yazın, yaradın. Doğma “Aran”ın taleyi bu gün sizin əlinizdədir. Rayonumuzun, camaatımızın salnaməsini yazan “Aran”ın səsi qoy ən uca kürsülərdən gəlsin. İnanıram ki, siz, “Aran”ın kollektivi onu yaşadacaq, ona daha uğurlu günlər bəxş edəcəksiniz. Yaxşı ki, gəldiniz. Xeyli söhbətləşdik. Dünyamızın, ədəbiyyatın bu gününə və sabahına bir yaradıcı insan kimi daha ətraflı nəzər yetirdik. Sağ olun, sizlərə həyatda və yaradıcılığınızda yeni-yeni uğurlar diləyirəm.
… Şəhərimizin mərkəzində, şair Ənvər Əhmədin evində bu tanınmış şairin bir neçə saat qonağı olduq. Nə gizlədim, söhbətimiz o qədər açıq, səmimi, maraqlı oldu ki, vaxtın necə gəlib keçdiyini hiss etmədik. Şair gəncliyində olduğu kimi qıvraqlıqla bizi darvazaya qədər ötürdü. Onda olan həyat eşqi, yazmaq həvəsi bizə bir daha sirayət etdi: Və bir daha anladıq ki, şair olan yerdə həyat da var. Nə qədər ki, şair var, dəyər yaşamağa bu dünyada…
Adil MİSİRLİ