“Məktəbdən cəbhəyə” rublikası – Döyüşçü müəllim

    Məktəbdən cəbhəyə

Həyatın ən gözəl sevgisidir vətəni sevmək və bu sevgini başqalarına aşılamaq. Həm vətənə sevgisi, həm də öz peşəsində sözünü demiş müəllimlərimizi sizlərə tanıtmağı borc bildik. Və beləliklə, “Məktəbdən cəbhəyə” rubrikasında ilk olaraq, qalib müəllimlərimizdən biri, Mahir Bağırlı haqqında söz açacağıq.

Mahir Yusif oğlu Bağırlı 29 iyun 1974-cü ildə Ağcabədi rayonunun Köyük kəndində dünyaya gəlib. 1981-ci ildə Köyük kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub.  Amma  təhsilini Muğanlı kənd tam orta məktəbində davam etdirib. 1991-ci ildə  sözügedən məktəbi bitirib.

1991-ci ildə AKTA-nın iqtisadiyyat fakültəsinə qəbul olan, qəhrəmanımız 1996-cı ildə  bu ali təhsil ocağını bitirib. Mahir 1996-1998-ci illərdə Molla Pənah Vaqif adına kolxozda mühasib, 1998-1999-cu illərdə isə Nizami adına Gəncə Milli Universitetinin Ağcabədi filialında müəllim və baş mühasib vəzifələrində fəaliyyət göstərib.

1999-2001-ci illərdə ordu sıralarında olan M. Bağırlı həqiqi hərbi xidmətini leytenant rütbəli zabit kimi başa vurub. Daha sonra ikinci ali təhsil alan Mahir 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda riyaziyyat və informatika müəllimi fakültəsini bitirib, elə həmin il Şahsevən kənd tam orta məktəbində fəaliyyətə başlayıb. 2011-ci ildən hal-hazıra kimi, Köyük kənd tam orta məktəbində müəllim işləyir.

O, təhsil sahəsindəki fəaliyyətlərinə görə 20 aprel 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubileyi ilə əlaqədar olaraq döş nişanı ilə təltif olunub.

Haqq davamızda erməni cəlladlarının hücumlarını dəf edən igidlərimiz kimi Mahir Bağırlı da ilk günlərdən doğma vətənimizin müdafiəsi üçün səfərbər olur. Zabit kimi hərbi təlimlərə qatılır. Qubadlıda “N” saylı hərbi hissədə artilleriya bölməsində xidmət göstərir. və 4 fevral 2021-ci ildə ordudan tərxis olunur.

Bacarıqlı pedaqoq olan igid qardaşımız eyni zamanda bir sıra ictimai işlərdə də çalışıb. 2002-2004-cü illərdə Köyük kənd İcma Fəaliyyət Qrupunun sədr müavini, 2008-2009-cu illərdə Qubanın “Spartak”, 2010-2011-ci illərdə Şuşanın “Şuşa” klublarında məşqçi, baş məşqçi vəzifələrində çalışıb. 2014-cü ildən isə Ağcabədinin “Aran” futbol klubunda təsisçisi, baş məşqçi olaraq, fəaliyyətini davam etdirib. 2015-ci ildə V çağırış Milli Məclisə seçkilərdə namizədliyini irəli sürmüşdür.

Onun rəhbərlik etdiyi  qızlar və oğlanlar qrupu respublika uşaq və gənclər çempionatlarında fəal iştirak edib.

M.Bağırlı ailə başçısıdır, 2 övladı var.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər