Ekoloji mədəniyyətin tərkib hissəsi olan ekoloji fəaliyyət cəmiyyətin təbiətlə münasibətində fəallığının spesifik təzahürüdür. Məsələ burasındadır ki, hər bir münasibətin spesifikliyi həmin münasibətdə iştirak edən tərəflərin hamısının fəaliyyətində özünü göstərir, burada isə münasibətlərin spesifikası həm cəmiyyətlə, həm də təbiətlə müəyyən olunur. “Ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respublikasının Qanununda ekoloji fəaliyyətə yüksək qiymət verilmişdir. İnsan fəaliyyətindən aslı olmayaraq, onu əhatə edən canlı və cansız təbiətin məcmusu ekoloji fəaliyyətin obyektidir. Ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amilləri antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən ekologiya belə, ekoloji fəaliyyətin obyektidir. İnsanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri – təbii resurslar adlanır ki, bunlar da ekoloji fəaliyyətin obyektləri sırasındadır.
Qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən bitki örtüyü, torpaq, flora, heyvanlar aləmi, fauna, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdəti ekoloji sistemi təşkil edir. Ekoloji fəaliyyət də həmin ekoloji sistemə daxildir.
Əslində, insan fəaliyyətindən aslı olmayaraq, onu əhatə edən canlı və cansız təbiətin məcmuusu olan ətraf mühitin qorunub sağlamlaşdırılması müasir dövrün təxirəsalınmaz vəzifələrindən biridir. Ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm kimi sosial ekologiya inkişaf etməkdədir.Sosial ekoloji sistemdə ekoloji mədəniyyətlə, ekoloji fəaliyyətin yaxın əlaqəsi göz qabağındadır .
Təbiət – cəmiyyət münasibətlərində aparıcı rol sosial tərəfin olsa da, bu qarşlıqlı münasibətdə təbii tərəflərin fəallığının və onun tarixi prosesə təsirini inkar etmək səhv olardı. Bu fəallıq iki səbəbdən birinin nəticəsi ola bilər, ya təbiətin daxili ziddiyyətlərinin nəticəsi, ya da cəmiyyətin fəallığına cavab reaksiyası ola bilər. Beləliklə, “cəmiyyət – təbiət” sistemində faktor rolunu cəmiyyətin fəallığı yerinə yetirir. “Heyvanlar – ətraf mühit” ekoloji sistemindən fərqli olaraq, bu sistemin yaranması prosesi fəallığın xüsusi tipi olan ekoloji fəaliyyətin meydana gəlməsi və inkişafı ilə müəyyən olunur.
Ekoloji fəaliyyət dayanıqlı inkişafa yardım edən amillərdəndir. Dayanıqlı inkişaf iki mühüm anlayışı özündə birləşdirir. Bunlardan biri tələbat anlayışdır. Tələbat anlayışı (xüsusilə, əhalinin yoxsul təbəqələrinin mövcudluğu üçün zəruri olan) həmişə prioriteti saxlamaq şərtilə birinci dərəcəli əhəmiyyət kəsb edir. İkinci anlayış isə məhdudiyyətdir. Bu cəmiyyətin təşkili və texnologiyanın vəziyyəti ilə şərtlənir. Məhdudiyyət, məhdudlaşma anlayışları ekoloji fəaliyyətlə bağlı olan anlayışdır.
Min illər boyu insanlar təbiətlə mübarizə aparmışlar. Onlar təbiəti insana itaət etməyə məcbur etmiş, çox vaxt isə onu amansızlıqla məhv etmişlər. Təbiətlə və digər insanlarla mübarizə aparan insan iki həqiqəti kəşf etmişdir. Birincisi odur ki, insan ancaq təbiətin hesabına yaşayır və inkişaf edir. İkincisi isə qarşıdurma və qarşılıqlı yardıma əsaslanır.
İnsanlar texnika qarşısında təzim edirdilər, sənayenin inkişafını alqışlayırdlar, lakin nəzərdən qaçırırdılar ki, təbiət necə dəyişir və zaman keçdikcə öz resursları ilə tükənməkdə davam edir. Artıq bizim dəyişdiyimiz təbiət bizə təzyiq göstərir. Nə vaxtsa etdiyimiz bumeranq olaraq geri qayıdır. Ekoloji fəlakət getdikcə yaxınlaşır. Bunun qarşısını almağın yeganə yolu ekoloji fəaliyyəti gücləndirməkdən ibarətdir.
Başqa fəaliyyət növlərində olduğu kimi, ekoloji fəaliyyətdə də iki cəhəti: maddi, daha dəqiq desək, təbii mühitin saxlanılması və yaxşılaşdırılmasına xidmət edən istehsal fəaliyyəti və mənəvi – ekoloji siyasətlə vəhdət təşkil edir.
Mühüm önəm daşıyan ətraf mühitin müafizəsi aşağıdakı prinsiplərə əsaslanır:
-sosial – iqtisadi, mənəvi estetik problemlərin qarşılqlı həlli.
-ərazilərdə ekoloji tarazlığn təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası.
-təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi.
-ətraf mühitin ekoloji müxtəliflyinin qorunmasının təmin edilməsi;
-dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında qanunvericilyin pozulmasına görə məsuliyyət;
-ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi.
-ətraf mühitin mühafizəsi sahəsində əhalinin və ictimai biliklərin iştirakı.
-ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq.
Ekoloji fəaliyyət hər şeydən əvvəl, ətraf mühitə zərərli təsirin göstərilməsinə qarşı yönəlməlidir. Ətraf mühitə zərərli təsir dedikdə ekoloji sistemin ayrı – ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki-texniki, dağ – mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət nəzərdə tutulur. Ekoloji fəaliyyət isə həmin fəaliyyətin əksini nəzərdə tutur.
Dünyanın bütün mədəni ölkələrində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində tədbirlərin həyata keçirildiyi, “yaşıllar” hərakatının genişləndiyi Almaniya, Kanada, Yaponiya və s. ölkələrdə “yaşıllar” partiyalarının fəaliyyət göstərdiyi bir vaxtda biz Qərbin təbiəti amansızcasına istismar etdiyinə görə ittiham etmiş, sosializm şəraitində təbiətə şüurlu münasibətdən həvəslə danışmış, “təbiətə şüurlu və planlı münasibətimizlə” öyünməklə məşğul olmuşuq. Yalnız bir neçə il sonra respublikamızda da “yaşıllar” hərəkatı yaranmış və ekoloji tərbiyə ön plana çəkilmişdir. Ekoloji tərbiyə ümumbəşəri tərbiyənin tərkib hissəsi, cəmiyyətin və şəxsiyyətin ekoloji mədəniyyətinin tərkib hissəsidir. Ekoloji mədəniyyətin inkişafı ilə insan yalnız özünü, dünyanı maddi cəhətdən çox, gələcək nəsillərə ekoloji həyat şəraiti yaradır. İnsanda yüksək dərəcədə inkişaf etmiş ekoloji şüur təbiəti yenidən yaratmaqla yeni tipli ekoloji mədəniyyəti formalaşdırır.
Müasir şəraitdə ekoloji mədəniyyət ümumbəşəri dəyərləri inteqrasiya edərək, bilavasitə tarixi sivilzasiyanın gedişinə təsir edir.
Ekoloji mədəniyyət əhalinin ekoloji təhsilinin, şüurunu tərbiyəsini özündə birləşdirir. Ekoloji mədəniyyət həmçinin cəmiyyətin toplamış olduğu ekoloji əxlaqı, etikanı, davranış qaydalarını özündə əks etdirir. Bir sözlə, ekoloji mədəniyyət cəmiyyət tərəfindən işlənimiş qanunların, ənənələrin, təsərrüfat iqtisadi fəaliyyət və s. sahələrdə təbiətə özünün qarşlıqlı münasibətlərinin uyğunlaşdırılması deməkdir.
Bu mənada, təbiət insanın sağlamlığını, əhval – ruhiyyəsini, əmək qabiliyyətini müəyyən edir. O, gözəllik və sevinc mənbəyi, daim axtarışları və həqiqətlərin tapılması obyekti, insanın maddi, mənəvi tələblərinin əvəzedilməz vasitəsidir. Yaddan çıxarmaq olmaz ki, təbiət bizim üçün birincisi, həyat mənbəyi, ikincisi, sağlamlıq, üçüncüsü, gözəllik və ilham mənbəyidir.
Mahir Səlimov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
ADPU Ağcabədi filialının direktor müavini.