Sakinlər vaksinasiyada fəaldırlar

         Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da koronavirusa qarşı peyvəndlənmə tədbirləri davam edir. Rayonumuzun sakinləri, idarə, müəssisə, təşkilat və təhsil müəssisələrinin işçiləri bu mühüm kampaniyada fəal iştirak edirlər. Bunun üçün rayon mərkəzi xəstəxanasında lazımi şərait yaradılıb. Vaksinasiya tədbirlərini səmərəli təşkil etmək üçün rayon və kəndlər üzrə məntəqələr təşkil olunub. Rayon sakinləri peyvəndlə əlaqədar həmin məntəqələrə müraciət edirlər. Sakinlər rayon mərkəzi xəstəxanası, Hindarx qəsəbəsi, Aran, Kəhrizli, Hüsülü və Qaravəlli kənd məntəqələrində müvafiq müayinədən keçdikdən sonra peyvənd olunurlar. Sözügedən məntəqələrdə peyvəndlənmə kampaniyasının təşkili ilə maraqlandıq. Rayon Vaksinasiya kampaniyasının rəhbəri ilə görüşüb, vəziyyəti öyrəndik. O, bildirdi ki, gün ərzində Hindarx qəsəbəsində 150-200, Hüsülü kəndində 100-150, Aran kəndində 50-70, Qaravəlli kəndində 50-70 nəfər peyvənd olunur. Ümumilikdə rayonda 41 000 peyvəndlənmə aparılıb ki, bunlardan 25 000 I doza, 16 000 II doza üzrə olmuşdur. Kampaniyanın rəhbərinin sözlərinə görə rayonda 1000-1200 nəfər peyvənd olunur. Mərkəzi xəstəxanada vaksinasiya olunanlarla söhbət zamanı Xocavənd kənd sakinləri Şəlalə Quliyeva, Ceyran Nuriyeva və digər sakinlər onlara göstərilən xidmətdən razılıq etdilər. Bu mühüm tədbiri həyata keçirdiyi üçün ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər