Bu il rayonumuzun təsərrüfatlarında 11 min hektardan çox sahəyə pambıq əkilib. Hazırda sözügedən əkin sahələrində geniş kompleks becərmə tədbirləri həyata keçirilir. Becərmə tədbirlərində əkin sahələrinin kultivasiya edilməsi və mineral gübrələrlə təmin olunması ilə yanaşı suvarma tədbirləri də aparılır. Görülən suvarma işləri, xüsusilə isti yay günlərində yüksək səmərə verir.
Ağcabədi Suvarma sistemləri idarəsinin kollektivi əkin sahələrində suvarmanın genişləndirilməsi üçün bütün içkanları səfərbərliyə alıb. Adıçəkilən idarənin rəisi Malik Mirzəyevin sözlərinə görə, bu sahədə hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Təsərrüfatların bol və fasiləsiz suvarma suyu ilə təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar ciddi addımlar atılır. Bölgə ərazisində mövcud olan suvarma kanalları, diren-kollektorlar lildən təmizlənib. Eyni zamanda yerlərdə fəaliyyət göstərən bütün su-nasos stansiyaları işlək vəziyyətə gətirilib.
M. Mirzəyev bunu da əlavə edib ki, bir çox kəndlərin ərazisində fəaliyyət göstərən su-nasos stansiyalarında sıradan çıxmış boru xətləri təmir edilib, dəyişdirilib. Yay mövsümündə havaların isti keçməsi səbəbindən yarana biləcək su qıtlığının qarşısının alınması gündəlik qayğılarındandır. Bunun üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, alternativ su mənbələrindən istifadə edilməsi də kollektivin başlıca vəzifələrindəndir.
Yəhya PAŞAZADƏ