Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyilə münaqişənin təsirinə məruz qalmış Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarında zəruri səhiyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədilə “Sağlamlıq xəmsəsi” adlı layihə start götürüb. Tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ramin Ağayev, Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin Qərb ərazi bölməsi üzrə iş şöbəsinin koordinatoru İmran Ağayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayev, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər. Lahiyənin keçirilməsində əsas məqsəd ucqar bölgələrdə səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq, psixoloq və tibbi səyyar qrupları cəlb edərək əhaliyə psixi sağlamlıq və psixo-sosial dəstək vermək, Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Füzuli rayonunun seçilmiş 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsilə zəruri səhiyyə xidmətləri göstərmək, eyni zamanda yerli tibb işçilərinin bilik və bacarıqlarının təlimlər vasitəsilə artırılmasından ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqlar və dərman vasitələri təqdim edilib.