“Erkən uşaqlıq dövründə inkişaf” layihəsi çərçivəsində Ağcabədidə dəyirmi masa keçirildi

11 iyun 2021-ci il tarixdə Ağcabədi rayonunda BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Erkən uşaqlıq dövründə inkişaf” (EUDİ) layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov qonaqları salamlayaraq layihənin əhəmiyyətindən danışmış, təşkilatçılara uğurlar arzulamışdır. 

Tədbiri davam etdirən EUDİ layihəsinin məzmun meneceri Fərid Süleymanov layihə haqqında ətraflı məlumat vermişdir. Sonra BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin Davranışların Dəyişilməsi və Sosial Dəyişiklik proqramının rəhbəri Elza İbrahimova, EUDİ layihəsinin rəhbəri Nəzrin Şirinova, UNİSEF-in əməkdaşı Yelena İsrafilova mövzu ətrafında məruzələrlə çıxış etmişlər.

Bundan sonra EUDİ portalının təqdimat videosu nümayiş olunmuş və tədbir gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi ilə davam etmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov, Ağcabədi bələdiyyəsinin sədri Solmaz Rəhimova, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli İbadov, Ağcabədi rayon Təhsil Şöbəsinin metodisti Təyyar Hacıyev, Ağcabədi şəhər “Cümə” məscidinin imamı Mərdan Rzayev, “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”nin direktoru Radə Qafarova və digərləri məsələ ilə bağlı müxtəlif fikirlər və təkliflər səsləndirmiş, layihənin həyata keçirilməsində hər cür köməklik göstərilməsinə hazır olduqlarını bildirmişlər.

Qeyd edək ki, layihənin əsas məqsədi 0-8 yaş dövründə uşaqların sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri, təhsil, tibb, sosial xidmət mütəxəssislərini, o cümlədən həssas qrupa aid olan uşaqlara qayğı göstərən şəxsləri maarifləndirməkdən ibarətdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com