Uğurlar olsun, Xaliq!

Tarixi şanlı səhifələrlə dolu Vətənim! Uğrunda canını, xəyallarını, arzularını düşünmədən fəda edən qəhrəman qardaşlarım! Brinci Qarabağ müharibəsi zamanı yarımçıq qalan işlərin nöqtəsini qoymaq üçün 27 sentyabr 2020 –ci ildə şanlı Qələbəmizin addımlarını atdınız…

İstər 1988-1992-ci illərdə, istərsə də, 2020-ci ildə Vətənimizin bölgələrindən əli silah tutan hər kəs cəbhəyə yollandı. Hətta çoxları Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti məntəqələrinin qarşısında cəbhəyə getmək üçün günlərlə növbə gözləməli oldular. Belə oğullardan biri də 1993-cü ildə Hindarxda anadan olan Rəhimov Xaliq Nəriman oğludur. Xaliq 1999-cu ildə Xanoğlan Həsənov adına Hindarx 2 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2010-cu ildə Etibar İsmayılov adına tam orta məktəbi bitirib. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2015-ci ildə ali təhsilini başa vurub. Universiteti bitirən gənc mütəxəsis 2015-ci ilin iyulundan 2016-cı ilin iyuluna qədər Gəncədə “N” saylı hərbi hissədə xidmət edib. 2016-cı ildən müxtəlif xidmət sahələrində çalışıb. General Polad Həşimovun şəhid olmasından sonra qorxmaz gənc könüllü olaraq, orduya getmək qərarına gəlib. Qəhrəman döyüşçü sentyabrın 21-dən hərbi hissəyə çağrılıb, 27 sentyabrdan isə cəbhəyə yollanıb.

Xaliq motoatıcı taborunda manqa komandiri olub. Müharibənin ilk günündən üz və alın nahiyəsindən çoxsaylı qəlpə yarası alıb. Bakıda az bir müddət müalicə olunduqdan sonra, oktyabrın 10-da yenidən döyüş meydanına qayıdıb. İgidimiz “Füzulinin azad olunmasına görə” və “ Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. O, Şuşanın alınması əməliyyatında da iştirak edib.

Xaliq kimi igidlərlə söhbət apararkən qürurlandım. Fəxr etdim ki, qəhrəmanlar ölkəsinin vətəndaşıyam.

Yeri gəlmişkən qeyd edim ki, Xaliq 30 mart 2021-ci il tarixdən İmamqulubəyli kənd ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub. Uğurlar, eloğlu!

Şərhlər