Dadaş Mehdi 1937-ci il iyunun 7-də Ağcabədi rayonunun Mehrablı kəndində
anadan olmuşdur. Orta məktəbi həmin rayonda bitirib. 1955-ci ildə Bakı Neft
Texnologiya texnikumunun “Avtomobil və Traktorların istismarı və təmiri” fakültəsinə
daxil olub. Fərqlənmə diplomu ilə “texnik-mexanik” sənəti alıb. 1958-ci ildə
Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatının istismarı” fakültəsində
təhsil almışdır. Əmək fəaliyyətinə Keşlə Maşınqayırma zavodunda çilingərlikdən
başlayıb, 1965-ci ildən daxili işlər orqanlarına gənc mütəxəssis kimi göndərilib. 28 ilə
yaxın dövlət avtomobil müfəttişliyində çalışıb.
Bununla yanaşı ədəbi yaradıcılıqla da məşğul olub. İlk dəfə 1968-ci ildə “İdman”
qəzetində “Kapitan” adlı şeiri dərc olunub. Yaradıcılığında uşaqlara böyük yer
ayırmışdır. Uşaqlar üçün onlarla şeirləri, mənzum nağılları çap edilmişdir. 1986-ci
ildə ekranlaşdırılmış “Balaca çoban” cizgi filminin ssenari müəllifi də məhz Dadaş
Mehdidir. “O da mənəm, bu da”, “Dayı kölgəsində”, “Ekologiya cəbhə kooperativi”,
“Cənnət quşu”, “Qız qaçıranlar”, “Dünyanın iki üzü” satirik komediyaları, “ Alabaş və
çoban” pyesi, “Qurd qurdun kölgəsində” alleqorik mənzum pyesi və “Gözü yolda
qalan var” satiric komediyası respublika teatrlarında tamaşaçılara təqdim edilib. 60-a
yaxın mahnıya mətn yazıb.
O, İsi Məlikzadənin “İmtahan” və Qeybulla Rəsulovun “Məhəbət oyunu”
komediyalarına da mahnı mətnləri yazmışdır.
Əsərləri:
- “Şeirlər və təmsillər”. B., “Gənclik”, 1974, 82s, 10 000 nüs.
- “ Nar çiçəyi”. B., “Gənclik”, 1977, 122s, 10 000 nüs.
- “Həyata insan gəlir”. B., “Yazıçı”, 1978, 284s, 10 000 nüs.
- “Yollar, cığırlar”. B., “Gənclik”, 1979, 168 s, 15 00 nüs.
- “Nəğməyə dönəcəksən”. “Yazıçı”, 1984, 154 s, 10 000 nüs.
- “Sevən könül”. B., “Yazıçı”, 1983, 382s, 20 000 nüs.
- “Fatma nənənin nağılları”. ,B., “Gənclik”, 1992, 144s, 10 000 nüs.
- “Mən səni axtarıram”. B., “Təbib”, 1993, 288s, 10 000 nüs.
MƏNİM ÜRƏYİMDƏ YAŞAYAN SEVGİ
Dəniztək dalğalı, çay kimi coşğun,
Ürəkdən ürəyə körpüdür hər gün.
Əzəldən yaranıb sevilmək üçün,
Mənim ürəyimdə yaşayan sevgi.
İlk sevdaya vüsal gülü əkibdir,
Təravəti könüllərə çökübdür,
Şirinlikdə lap özümə çəkibdir,
Mənim ürəyimdə yaşayan sevgi.
İntizar görməmiş, hicrana yanmaz,
Eşqin, sədaqətin, vəfasın danmaz,
Dünya dağılsa da əhdindən dönməz,
Mənim ürəyimdə yaşayan sevgi.
Dilləndirdi sinəm üstdə sazımı,
Bir ceyrana açdı ürək sözümü,
Aldı mənə öz elimin qızını,
Mənim ürəyimdə yaşayan sevgi.
Aydan ziya alıb, günəşdən şölə,
Xoş ətir gətirib çiçəyə, gülə,
Bir nəğməyə dönüb düşəcək dilə,
Mənim ürəyimdə yaşayan sevgi.
Əyməmiş bir zülfü-pərişana baş,
Özgə bağçasına atmayıbdı daş,
Qorxmaz arxasında durubdu Dadaş,
Mənim ürəyimdə yaşayan sevgi.