Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verib. Ulu Öndərin Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə keçirilən “Heydər Əliyev və müasir güclü Azərbaycan Ordusu” adlı tədbirdə səsləndirilib. Heydər Əliyev Mərkəzi və N saylı hərbi hissənin təşkilatçılığı ilə keçirilən tədbirdə zabit və əsgərlər əvvəlcə Ulu Öndərin zəngin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycanın müasir tarixinin iki önəmli hadisəsi dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış çox ciddi təhlükələrin aradan qaldırılması ilə nəticələndi. Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının yaratdığı problemlər, faciələr, anarxiya, özbaşınalıq, dövlət müstəqilliyini itirmək təhlükəsi məhz müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri idi. Belə çətin məqamda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz parçalanmadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas oldu, siyasi sabitlik və inkişafa nail olundu.

N saylı hərbi hissənin zabiti Elşən Quliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Milli Ordusunun formalaşması sahəsindəki xidmətlərindən danışıb. Bildirilib ki, hələ keçmiş sovetlər dönəmində Azərbaycana rəhbərlik edən Ulu Öndər böyük uzaqgörənliklə ölkəmizdə peşəkar hərbçilərin hazırlanması məqsədi ilə C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olub. O zaman bu məktəbin təsis edilməsi respublikamızda hərb sənətinə marağın güclənməsinə, zabit kadrlarının hazırlanmasına, ölkəmizin müstəqil gələcəyinə hesablanmış bir addım idi.

Diqqətə çatdırılıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, qrupların maraqlarına xidmət edirdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyununda hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməli qoyuldu. Qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Bu gün Ümummilli Liderin siyasəti, ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın iradəsi və ordumuzun gücü sayəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, işğal altında olan yurd yerlərimiz azad edildi.

Şərhlər