14 iyun 2021-ci il tarixdə YAP Ağcabədi rayon təşkilatı Milli Qurtuluş günü münasibətilə “Dünyanı heyrətə salan dahi insan” mövzusunda videokonfrans keçirmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov konfransı açaraq məruzə ilə çıxış etmişdir. Məruzədə qeyd edilmişdir ki, Heydər Əliyevin polad iradəsi, uzaqgörən siyasəti, əzmkarlığı bir fenomen kimi onu bütün dünya azərbaycanlılarının lideri edib. Keçdiyi keşməkeşli ömür yolu doğma Azərbaycanımıza xidmət nümunəsi kimi sönməz bir mayak olub. Həyatını canından artıq sevdiyi xalqına, Respublikanın inkişafına həsr etmiş bu müdrik insan tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi tanınıb. Heydər Əliyevin iti zəkası, müdrik və praqmatik düşüncə tərzi ona əvəzsiz Ümummilli Lider adını qazandırıb, dünyanı heyrətə salan dahi bir insan kimi əbədiyyətə qovuşub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, dövrümüzün canlı əfsanəsinə çevrilib. Bütün türk dünyası haqlı olaraq Heydər Əliyevi Azərbaycanın inkişaf yoluna çıxaran dahi şəxsiyyət kimi qəbul edir. Qədirbilən xalqımız Ulu Öndərin böyük xidmətlərini unutmur və həmişə 15 İyun – Milli Qurtuluş Gününü bayram əhval-ruhiyyəsi ilə qeyd edir.
Konfransda Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Ceyhun Mamedov, Ağcabədi Pedaqoji Kollec ərazi ilk təşkilat sədri Rövşən Bayramov, YAP fəalı İbrahim Həsənov, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə öz fikirlərini bölüşdülər.