Əkin sahələrində nümunəvi becərmə işləri aparılır

         Hüsülü kənd sakini Kamil Fətəliyev rayonumuzun təcrübəli pambıqçılarından sayılır. Uzun müddətdir kənd təsərrüfatının bu mühüm sahəsi ilə məşğul olan qabaqcıl istehsalçı hər il yaxşı nəticələr əldə edir. O, ötən il 20 hektar əkin sahəsinin hər hektarından 40 sentnerdən çox pambıq götürüb. Əldə edilən gəlir kollektiv üzvlərinin dolanışığını xeyli yaxşılaşdırıb.

Dövlətimiz tərəfindən pambıqçılıq sahəsinə göstərilən diqqət və qayğıdan ruhlanan K.Fətəliyev bu il fermer təsərrüfatına məxsus 73 hektar əkin sahəsində pambıq yetişdirir. Fermerin dediyi kimi, sözügedən əkin sahəsinin 20 hektarı pay torpağından, 50 hektarı isə müqavilə əsasında götrülən torpaq sahəsindən ibarətdir.

Hazırda fermer təsərrüfatında kompleks becərmə işlərinin qızğın çağıdır. Əkin sahələrinin hamısında keyfiyyətli kultivasiya, yemləmə, suvarma, alaq otlarına, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir.

K.Fətəliyev cari pambıq mövsümündə hər hektardan 50 sentner məhsul əldə etmək fikrindədir. Onun qənaətinə görə, əkin sahələrinin suvarılmasında problemlər olmasa, daha yüksək məhsul əldə etmək mümkündür. Bu səbəbdən təsərrüfatın yerləşdiyi ərazidə əlavə olaraq subartezian quyusu vurulmasına zəruri ehtiyac var.

Kamil bu il başçılıq etdiyi təsərrüfata məxsus 4 hektar sahəyə taxıl da əkib. O, hər hektar əkin sahəsindən 40 sentnerdən çox taxıl istehsal etməyi planlaşdırıb. Xatırladaq ki, təsərrüfat başçısı ötən il həmin əkin sahəsinin hər hektarından 40 sentner taxıl məhsulu tədarük edib.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər