15 İyundan 10 Noyabra gedən yol

15 İyun – xalqımızın ölməkdə olan son ümidinin yenidən alovlandığı, sabaha inamının artdığı, müstəqilliyini əldə saxlaya biləcəyinə əmin olduğu gün… O müstəqilliyi əldə etmək, 70 illik əsarətdən qurtulmaq üçün canından, qanından keçmişdi bu xalq. Uşaq-gənc, qadın-qız demədən qurban getdi bu azadlıq amalına. Şeyx Məhəmməd Xiyabani deyirdi:

“Azadlıq və milli şərəf uğrunda can və mal qurban vermək gərəkdir”

İlk dəfə 1918-ci ildə “azadlığın tamını dadmış” xalq əlbət, bir gün yenidən azad olmaq üçün ayağa qalxacaqdı və bu baş verdi. Lakin çoxillik əsarət bitsə də onun vurduğu zərbələr özünü sonradan daha acınacaqlı şəkildə büruzə verməyə başladı. İdarəçilik, liderlik bacarığı formalaşmamış, təcrübəsiz toplum var idi ortada. Və onlar rəhbərlik iddiasında idilər. Hərə bir tərəfdə başına dəstə toplayır, hakimiyyət davası edirdi. Ölkə daxilindəki hərc-mərclik, eləcə də fürsətdən istifadə edən düşmən tərəfindən torpaqlarımızın işğal edilməsi qan bahasına əldə olunmuş müstəqilliyin saxlanmasını təhlükə altında qoyurdu. Bu dəfə əldən getsə, o müstəqilliyi bərpa etmək mümkün olmayacaqdı. Artıq son gücünü, son nəfəsini azadlıq uğrunda istifadə etmiş olan xalq ya dizini yerə atıb biryolluq məhv olmalı, ya da tez bir zamanda xilas yolu tapmalı idi. Və nəhayət həmin xilaskarın  Heydər Əliyev olduğunu dərk edən insanlar üzünü ona tutdu. Ziyalılar önə düşərək  dahi liderimizə müraciət ünvanladılar. Zəngin idarəçilik, liderlik bacarığına malik olan şəxsiyyət xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bəli, bu qayıdış həqiqətən xalqımızın zülmdən, özbaşınalıqdan, məhv olmaqdan qurtuluşu idi.

  Böyük təzyiqlərə, çətinliklərə baxmayaraq xalqın xilaskarı olmaq kimi böyük missiyanı öz üzərinə götürən Heydər Əliyev 1993-cü il oktyabrın 3-də səs çoxluğu ilə Prezident seçildi.

Dahi liderin ən böyük gücü də elə xilas etdiyi xalq oldu. Xalq onu istədi, onu seçdi və arxasında dayandı.

Heydər Əliyev qısa vaxtda ölkə daxilində sabitlik yaratmağa nail oldu. Bununla yanaşı, 12 may  1994-cü ildə Ermənistanla Azərbaycan arasında  sülh müqaviləsi imzalandı. Bu müqavilənin imzalanmasından sonra torpaqlarımızın işğalı dayandırıldı. Tökülən günahsız qanların qarşısı alındı. Dahi liderin özünün də dəfələrlə vurğuladığı kimi biz Ermənistanla atəşin dayandırılması barədə müqaviləni imzalayarkən ilk növbədə Milli Ordumuzun qurulması, nizami hərbi hissələrin formalaşdırılması və Silahlı Qüv- vələrimizin döyüş qabiliyyətinin ölkənin ərazi bütövlüyünü bərpa edə biləcək səviyyəyə çatdırılması məqsədlərini qarşıya qoymuşduq.

Müstəqilliyini yenicə bərpa etmiş ölkənin həm daxilindəki çəkişmələr,həm xarici hücümlar iqtisadiyyatı da böhran vəziyyətinə salmışdı. Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkə iqtisadiyyatı dirçəliş daha sonra inkişaf yoluna qədəm qoydu. Bu müqavilə Azərbaycan xalqının taleyində bir dönüş nöqtəsi idi. İnsanların sarsılmış inamı yox oldu, əvəzinə gələcəyə, inkişafa, tərəqqiyə böyük ümidlər bəsləndi.  Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bəli, məhz iqtisadiyyatda başlanan dirçəliş xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəlişə səbəb oldu. İnsanların rifahı yaxşılaşdı.

Həmçinin, ovaxtkı çətin vəziyyətdə aparıcı dövlətlərin diqqətini cəlb edən bu layihə Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin də təmin olunmasına imkan yaratdı. Ölkəmiz beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyi bacardı.Bundan sonra yeni neft layihələri uğurla həyata keçirildi.

Dahi liderin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan günbəgün inkişaf etməyə, tanınmağa başladı, öz  sözünü dünyanın yüksək tribunalarından söyləməyi bacardı.

Bu gün artıq Azərbaycan güclü bir dövlətdir. Ulu öndərin ideyalarına sadiq qalan ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla həyat keçirilən siyasətin nəticəsi göz önündədir…

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinə qarşı  başlanan əks-hücum əməliyyatı 30 il davam edən erməni işğalına son qoydu.Vətən müharibəsi cəmi 44 gündən sonra zəfərlə başa çatdı, ərazi bütövlüyümüz təmin edildi. Ali Baş komandanın bir əmrinə hazır dayanan qüdrətli ordumuzun, öz rəhbərinin ətrafında yumruq kimi birləşən xalqımızın bu birlikdən və inamdan doğan gücü sayəsində işğalçılar torpaqlarımızdan qovuldu, məhv edildi. İndi o yerlərdə abadlıq, quruculuq işləri sürətlə gedir. Tezliklə insanlar öz ata-baba ocaqlarında firavan həyata başlayacaqlar. Azərbaycan daha da qüdrətli,daha da güclü bir dövlətə çevriləcək və əbəttə, güclü Azərbaycan dövlətinin yaradılması məhz ulu öndər Heydər Əliyevin dəst-xəttidir…

Məhsəti Musa

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər