Torpağı doğma sahiblərini qarşılayan xarıbülbülün gözündə yaş, üzündə qəm yoxdur. Çünki Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində bu gün Qarabağ azaddır. Bu azadlıq savaşında payı olan igidlərdən biri də gənc müəllim Elgün Həsənovdur.
Elgün Ələsgər oğlu Həsənov 11 avqust 1990-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya gəlib. O, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin məzunudur. 2009- cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2013-cü ildə sözügedən ali təhsil müəsissəsini bitirib. Elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2014-cü il iyulunda Ağstafada “N” saylı hərbi hissədə xidmətini başa vurub.
E. Həsənov Təhsil Nazirliyi tərəfindən təşkil edilən müəllimlərin işə qəbul imtahanlarında iştirak edərək, Ağcabədi şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi kimi fəaliyyətə başlayıb.
Vətən müharibəsinin başlandığı ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxan Elgün Füzulidən Şuşaya qədər olan gərgin döyüşlərdə iştirak edib. “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
27 dekabr 2020-ci ildə ordudan tərxis olunaraq müəllimlik fəaliyyətini davam etdirən Elgün Həsənova işlərində uğurlar arzulayır, özü kimi vətənpərvər igidlər yetişdirəcəyinə inanırıq.
Rəmziyyə HƏSƏNOVA