Milli Qurtuluş Günündə imzalanan “Şuşa Bəyannaməsi”

                     

15 iyun Azərbaycan tarixində özünə xüsusi yer tutmuş gündür. 1993-cü ilin 15 iyununda xalqımızın ölməkdə olan ümidinin közərməsinə, sabaha inamla addımlamasına, parçalanmaqdan,məhv olmaqdan xilas olmasına səbəb olacaq  yeni bir səhifə yazıldı. Bu gün, bu tarix sonralar milli bayram gününə çevriləcəkdi. 2021-ci ilin 15 iyunu isə həmin günün əhvalına daha bir sevinc bəxş etdi

Sözügedən tarixdə – Milli Qurtuluş Günündə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük müharibə zamanı  Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə tarixi səfər etdi və səfər çərçivəsində Qarabağımızın baş tacı olan  Şuşada  Azərbaycan və Türkiyə arasında “Şuşa Bəyannaməsi” adlı tarixi sənəd imzalandı.

 Bəyənnamənin əhəmiyyəti ilə bağlı mətbuata bəyanatında Türkiyə Prezidenti R. T. Ərdoğan qeyd edib  ki,  “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Bəli, bu qətiyyətin və birliyin təcəssümünü elə bəyannamənin mətni ilə tanış olarkən aydın görmək mümkündür:

“Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”.

Hələ səfərin tam görüntülənmədiyi, sadəcə qardaş ölkənin rəhbərinin qarşılanması zamanı çəkilən bəzi fotoları mediada izlədiyimiz saatlardan artıq hər kəsin ürəyi Şuşada idi. Həyəcanla, səbrsizliklə nə baş verəcəyini, 15 İyunun daha hansı əlamətlərlə yaddaşlara yazılacağını gözləyirdi insanlar. Fikir mübadilələri, müzakirələr…

Və budur… Artıq “Şuşa bəyannaməsi” imzalanıb, artıq iki qardaş arasındakı səmimi söhbətlərdən seçilmiş  bəzi dialoqlar qısa vaxt içində insanların dilində əzbərə çevrilib. 2019-cu ilin 9 mayında Ermənistan baş naziri Nikol Paşinyanın yallı getdiyi, bununla da sinəmizə çalın-çarpaz dağ çəkdiyi Cıdır düzündə indi Azərbaycan Respublikasının Prezidenti tədbir iştirakçılarına qatılıb rəqs edir. Görüntülər sürətlə yayılır. İzlədikcə insanın ürəyi köksünə sığmır. Yəni bu həqiqətdirmi? Yəni yuxularımız  doğrudanmı gerçəkləşib?  Bunları izlədikcə “Nooldu,Paşinyan?” deyə zarafatlarımızdan da qalmırıq. Bəli, Ali Baş Komandan Qarabağ müharibəsi ilə bağlı xalqa müraciətlərindən birində də məhz bu günə hesablanaraq demişdi: “Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

Bəli, ötən günün hadisələri Azərbaycan xalqının vətən müharibəsindən sonra yaranmış böyük ruh yüksəkliyini daha da alovlandırdı. Sarsılmayan birlik, kökdən gələn doğmalıq, güc,qüdrət, gələcək planlar haqqında mesajlar… Bütün bunlar dost üçün,doğmalar üçün böyük sevinc,düşmən üçün isə  daha bir mənəvi zərbə və xəbərdarlıq idi…

                                                                                                                    Məhsəti MUSA

Şərhlər