Rayonun Cəfərbəyli kənd sakini Əli Əlizadə Vətən müharibəsi iştirakçısıdır. O, müzəffər Azərbaycan Milli Ordusu sıralarında torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Müharibə ordumuzun şanlı qələbəsi ilə başa çatdıqdan sonra igid döyüşçü ordudan tərxis olunaraq, doğma Cəfərəyli kəndinə dönüb.
Fədakar gənc bu dəfə əmək cəbhəsinə atılıb, yaşadığı kənddə baramaçılıqla məşğul olmaq qərarına gəlib. O, cari təsərrüfat ilində götürüb bəslədiyi 2 qutu ipəkqurduna lazımınca qulluq edərək yükək keyfiyyətli barama yetişdirməyə nail olub.
Ə.Əlizadə 121 kiloqram məhsul tədarük edərək, qəbul məntəqəsinə təhvil verib. Qazandığı uğurdan ruhlanan gənc kümçü gələn il daha yüksək nəticə əldə etmək üçün var qüvvəsini sərf edəcəyini bildirib.
Hüseyn QULUZADƏ