II Qarabağ müharibəsi Azərbaycan xalqının tarixində, sözün əsl mənasında, dərin iz buraxaraq, bütün dünyaya əsl kimliyimizi, gücümüzü, qorxmaz bir xalq olduğumuzu göstərdi. İgidlərimizin qəhrəmanlıqları erməni faşistlərinə göz dağı oldu. Belə qəhrəmanlıqları görəndə ulu öndərin kəlamı yada düşür: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”. Haqqında söz açdığım həmin igidlərdən biri də Davudov Taleh Tofiq oğludur. O, 1990-cı il martın 6-da Ağcabədi rayon Hindarx qəsəbəsində anadan olub. Taleh orta təhsilini 1996-2007-ci illərdə Hindarx qəsəbəsində yerləşən, Milli Qəhrəman Etibar İsmayılovun adını daşıyan tam orta məktəbdə almışdır. Məktəbdə aktiv bir şagird olmaqla yanaşı, tərbiyəsi,intizamı ilə də seçilib. O, 2008-ci ilin aprel ayında Murovda “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb. Hərbi xidmət dövründə əsgər, baş əsgər, manqa komandiri və tağım komandirinin 1-ci müavini vəzifəsində olan Taleh bacarığı ilə həmişə seçilib. 2009-cu ilin oktyabr ayında tərxis edilərək doğma obasına qayıtmış və bir müddət təsərrüfat, ictimai iaşə obyektlərində məşğul olaraq ailəsini dolandırmışdır. 2020-ci ilin iyul ayında Tovuz rayonunda ermənilərin təxribat cəhdləri, General-mayor Polad Həşimovun şəhid olması Talehə çox pis təsir edir. Ona görə də cəsur gənc müharibə başlamamışdan 2 ay əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağcabədi rayon bölməsində könüllü olaraq qeydiyyatdan keçir. Ermənilərə sönməz nifrət hissi bəsləyən qazimiz idealının Hindarxın 39 şəhidi və digər igid Azərbaycan övladları olduğunu dilə gətirib.
2020-ci ilisentyabrın 27-də müharibə başlayandan 2 gün sonra Beyləqan rayonunda “N” saylı hərbi hissədə xidmət edib, oktyabrın 1-də taborla birlikdə Füzuli istiqamətindəki döyüşlərə qatılıb. Müharibədə atıcı əsgər olan Taleh taborla birlikdə irəliləmiş, erməni işğalında olan Füzulinin bir sıra strateji əhəmiyyətli postlarını ələ keçirməklə düşmənin canlı qüvvəsinin itki verməsinə səbəb olmuşlar. Oktyabrın 7-də Füzuli rayonunun Medinli kəndində erməni snayperləri tərəfindən açılan atəş nəticəsində bədəninin 3 müxtəlif nahiyəsindən ağır yaralanmış, 1gün həmin neytral zonada qalmışdır. Talehin dediyinə görə, onu neytral zonadan mayor Axundov və əsgər yoldaşı xilas etmişdir. Onun oktyabrın 9-dan müxtəlif hospitallarda müəlicəsi aparılıb. Qürur yerimiz olan qəhrəmanımız göstərdiyi igidliyə görə cənab Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Hazırda səhhəti ilə əlaqədar heç bir yerdə işləməyən qazimiz ev şəraitində müalicəsini davam etdirir. Talehə uca Allahdan şəfa diləyir, tez bir zamanda sağalmasını arzu edirik!
Hüseyn QULUZADƏ