Şuşa Bəyannaməsi qardaşlığın təntənəsidir

Bildiyimiz kimi, 15 iyun 2021-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni
imzalayıblar. Türkiyə cümhurbaşqanının Azərbaycana çoxdan gözlədiyimiz səfəri
zamanı imzalanmış son dərəcə mühüm əhəmiyyət kəsb edən bu tarixi sənəd
Azərbaycan və Türk xalqlarının möhtəşəm qardaşlıq rəmzinə çevrilib. Tarixi Şuşa
Bəyannaməsinin imzalanması ölkəmizdə 15 iyun – Qurtuluş Gününün bayram edildiyi
bir vaxta təsadüf edib. Azərbaycan respublikasının memarı və xilaskarı ümummilli
lider Heydər Əliyevin ideyalarının daim yaşadığını və qalib gəldiyini dünyaya bəyan
edən Şuşa Bəyannaməsi dahi rəhbərin “Bir millət, iki dövlət” məşhur kəlamının yeni
mərhələdə əyani təsdiqi hesab olunub.
Hər iki ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən müttəfiqlik
haqqında Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırıb.
Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinə
təminat verib.
Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Burada geniş beynəlxalq
müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri,
mədəniyyət, təhsil, idman, gənclər siyasəti nəzərdə tutulub. Sənəddə enerji
təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəm
daşıdığı xüsusi olaraq qeyd edilib.
Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım
məsələləri öz əksini tapıb. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman
bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.
Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir,
bundan sonra da bu, belə olacaq.
Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz
əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi
vəziyyətin nəticəsidir. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə
birləşdirəcək Zəngəzur dəhlizi olduqca böyük əhəmiyyətə malikdir. Müttəfiqlik
haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna
daşıyır.
Qeyd etdiyimiz kimi, hər şeydən öncə Şuşa Bəyannaməsi Azərbaycan ilə
Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan
Şuşadan verilən açıqlamalar, şübhəsiz, bütün dünyaya səs salıb, böyük rezonansa
səbəb olub. Bəyannamənin imzalanma tarixi, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın səfərinin əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə dolaşacaq.
Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini dünyaya
car çəkib, nümayiş etdirib.
İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan dövlətimiz,
xalqımız Türkiyənin açıq dəstəyini hiss edib. Türkiyə Prezidenti Azərbaycana
birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə
Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır. Bu
sözlər həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün
qüvvələri, dairələri dərhal dayandırdı.

Qeyd edək ki, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun
açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə
yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq
işlərində oynayacağı roldan xəbər verib.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan
yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq çox
böyük önəm kəsb edəcək.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər