Çağdaş milli rejissor sənətimizin görkəmli siması- Ağakişi Kazımov

            Respublikanın Xalq artisti, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli rejissor, professor Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini 1940-50-ci illərdə Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində almışdır.

            1952-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (keçmiş Azərbaycan Dövlət Teatr İnstitutunun) aktyorluq fakültəsinə qəbul olmuşdur.

            1956-cı ildə ali təhsilini başa vurandan sonra səhnə taleyini Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə bağlayır. Azərbaycan teatrının korifeyləri Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Mərziyə Davudova kimi sənətkarlarla bir yerdə səhnəyə çıxır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrının yaradıcı qrupunun tərkibində iştirak edir.

            1960-cı ildə Ağakişi Kazımov Mədəniyyət Nazirliyinin göndərişi ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilir. 1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və kinemotoqrafiya institutunun rejissorluq fakültəsinə daxil olur. Beş il burada təhsil aldıqdan sonra Kazan şəhərində Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında diplom işi kimi C.Cabbarlının “Aydın” pyesini tatar dilində səhnəyə qoyur. Tamaşa böyük uğur qazanır, haqqında mərkəzi mətbuatda yazılar gedir.

            1969-70-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında əvvəl direktor, sonra isə baş rejissor kimi fəaliyyət göstərir.

            1970-80-ci illər A.Kazımovun sənət həyatında ən məhsuldar illər olur. O, ölkənin bir neçə teatrında, o cümlədən Sumqayıt teatrında, Akademik Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Musiqili Komediya Teatrında N.B.Vəzirovun “Müsibəti Fəxrədin”, S.Dağlının “Təzə gəlin”, S. Rəhmanın “Toy”, Ü.Hacıbəylinin “Arşın mal alan”, İ.Əfəndiyevin “Büllur sarayda” kimi bir-birindən maraqlı əsərləri tamaşaya qoyur. Bu isə təbii ki, rejissordan yüksək sənət qabiliyyəti tələb edir. Bütün bu xidmətləri nəzərə alınaraq Ağakişi Kazımov dövlətimiz tərəfindən 1987-ci ildə “Əməkdar incəsənət xadimi”, 2000-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

            Son illər tamaşaya qoyduğu N.Dumbadzenin “Darıxma, ana”, İ.Əfəndiyevin “Qəribə oğlan”, N.Xəzrinin “Mirzə Şəfi”, K.Kərimovun “Çahargah fantaziyası”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, “Rəqabət” və “İkinci səs” əsərləri öz səhnə həlli ilə A.Kazımova daha çox uğur qazandırmışdır.

            A.Kazımov hazırda prezident təqaüdçüsüdür.

            Əsərləri və haqqında yazılanlar:

            1. “Rejissor Ağakişi Kazımov”, Bakı, 2005, 235 səh.

            2. Ağakişi Kazımov. “Teatr və onun yaradıcıları”. Bakı, 2008, 501 səh.

            3. Nahid Hacızadə. “Onun sənət həyatı”. Bakı, “Elm və Təhsil” n, 2010, 211 səh.

Şərhlər