Nazirlər Kabinetinin qərarına əsasən 14 iyun 2021-ci il tarixdə ölkəmizin ümumtəhsil müəssisələrində “son zəng” tədbirlərinə icazə verildi. 2020-ci ildə pandemiya səbəbindən baş tutmayan son zəng tədbirləri bu il müəyyən qaydalara riayət edilməklə keçirilmişdir.
“Aran”-ın əməkdaşları da bir neçə məktəbdə keçirilən tədbirlərə qatılıblar.
* * *
Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə son zəng tədbiri məzunlar, məktəb rəhbərliyi və məhdud sayda müəllim kollektivinin iştirakı ilə keçirildi. Öncə azadlığımızın qazanılmasında payı olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru Lətafət Əlizadə Vətən müharibəsində qazanılan qələbəmizdən söz açaraq, gənclərimizin vətənpərvər ruhda böyüməsindən danışdı, onlara qədəm qoyduqları yeni həyatda uğurlar arzu etdi.
* * *
Şəhər 3 saylı məktəb-liseydə də son zəng tədbiri Vətən müharibəsi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə Ağcabədi rayon Təhsil Şöbəsinin metodisti Rəna Abdullayeva, məktəb-liseyin direktoru Mətanət Quliyeva çıxış edərək təhsilə göstərilən diqqət və qayğıdan söz açdılar. Son zəng tarix fənni üzrə respublika turunda 3-cü yer tutaraq bürünc medala layiq görülmüş məzun Mahnur Hacıyeva tərəfindən səsləndirilib.