Ölümün insana başucalığı gətirəcəyini bilmirdim. Sən demə, şərəfli ölüm hər kəsə nəsib olmayan zirvəymiş. İgid döyüşçü, I Qarabağ müharibəsində şəhid olan Sərdar Xasıyev öz ölümü ilə əsl qəhrəmanlıq məqamına yüksəlib, əbədiyaşar həyat qazanıb.
Erməni faşistləri torpaqlarımıza xaincəsinə hücum edən zaman Vətənin bütün mərd oğulları kimi, Sərdar Xasıyev də silaha sarılaraq ölüm-dirim mübarizəsinə atılıb. Onun adı qəhrəmanlıq tarixinə iri hərflərlə həkk olunub.
Sərdar Nəsir oğlu Xasıyev 9 may 1973-cü ildə Ağcabədidə, sadə bir ailədə dünyaya göz açıb. O, orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağrılıb, borcunu layiqincə yerinə yetirib. Sərdar 1992-ci ildə könüllü olaraq hərbi xidmətə yenidən qayıdıb, cəbhələrdə igidliklər göstərib.
Onun qəhrəmanlıqları haqqında geniş məlumat almaq üçün vaxtilə birgə döyüşdüyü əsgər dostu Elman Mustafayevlə əlaqə saxladıq. O, Sərdarla bağlı xatirələrini bizimlə bölüşərək, göstərdiyi hünərlərdən ətraflı danışdı. Elman Mustafayevin sözlərinə görə Sərdar döyüşlərdə qorxmazlığı ilə seçilib, çətin döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirib. O, heç vaxt şəhid olacağını söyləməzdi. Ancaq düşmənə qalib gəlmək haqqında düşünərdi.
Heç kimin ağlına gəlməzdi ki, belə bir cəsarətli, qorxmaz oğul düşmən snayperinin hədəfinə tuş gələcək. O, 1994-ci il aprel ayının 11-də qanlı döyüşlərin birində komandirini xilas etmək istəyərkən qəhrəmancasına həlak olub.
Çox şükürlər olsun ki, 44 günlük Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan oğulları Sərdarla birlikdə bütün şəhidlərimizin qisasını aldılar.
Sərdarın ən böyük arzusu işğal altında olan torpaqlarımızın, Qarabağımızın azadlığı idi. İndi bu arzu gerçəyə dönmüş, həyata keçirilmişdir.
Ləman ZEYNALOVA