Bu günlərdə Hamlet Məmmədov adına Qaradolaq kənd tam orta məktəbində şair Xəzangül Qədimlinin “Xınası qandan Laçınım” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə ziyalılar, müəllim və şagirdlər, rayonumuzdan və Laçından olan yazarlar, şəhid ailələrinin üzvləri, eləcə də, media mənsubları iştirak ediblər. Adıçəkilən tam orta məktəbin direktoru Abbas Abbasov tədbiri açaraq, Xəzangül Qədimlinin pedaqoji fəaliyyətindən və şeir yaradıcılığından ətraflı danışdı. Qeyd olundu ki, sözügedən təqdimat mərasimi pandemiya şəraitində keçirilməsinə baxmayaraq, ədəbi-bədii hadisə kimi, mühüm əhəmiyyət kəsb edir. Kənd mühitində yaşayıb-yaradan qələm sahibinin kitabının təqdimatı bütövlükdə ədəbiyyata verilən qiymət kimi diqqəti çəkir.
Mərasimdə aparıcılıq edən şair Elnur Qarabağlı Xəzangül Qədimlinin yaradıcılığı haqqında danışmaq üçün tədbirə qatılan iştirakçılara söz verib. Laçından olan aşıq Umbay Axundov, şair Eybulla Axundov, ağcabədili şairlər Zahid Eloğlu, İslam Kəbirli, Vəli Qurbanoğlu, şair-publisist Yəhya Paşazadə, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, şəhid Akif Abbasovun babası Yavər Mehdiyev, müəllimlərdən Aybəniz Hüseynova, Tamam Şirinova, Yasəmən İbrahimova, şair-publisist Adil Misirli, Mübariz Məmişoğlu, Gəncə Dövlət Universitetinin 2-ci kurs tələbəsi Nazilə Məmmədova və başqaları çıxış edərək, müəllim-şair Xəzangül Qədimlinin şeirlərinə münasibətlərini bildirib, onun yaradıcılığı, xüsusilə “Xınası qandan Laçınım” kitabı barəsində öz fikir və mülahizələrini bölüşüblər.
Mərasimdə aşıq Umbay Axundov Xəzangül Qədimlinin sözlərinə mahnılar ifa edib, Hamlet Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin şagirdləri isə şairin Vətən, Qarabağ, Laçın və şəhidlərə həsr olunmuş şeirlərini səsləndirmişlər.
Sonda şair Xəzangül Qədimli çıxış edərək tədbir iştirakçılarına, təşkilatçılarına öz dərin təşəkkür və minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub. Tədbir başa çatdıqdan sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.
Adil MİSİRLİ